Türkiyə rəsmilər Gəncədə erməni cinayətinin izləri ilə tanış olublar

Ölkəmizdə səfərdə olan Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Erenin başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olublar.

 

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren bildirib ki, Müharibə başlayandan Türkiyə olaraq dost və qardaş Azərbaycana və onun xalqına hər sahədə dəstək verməyə çalışırıq: “Hazırda olduğumuz yerdə 16 nəfər həlak olub. Mən onların hamısına Allahdan rəhmət diləyirəm. Uşaqlar, yaşlı insanlar qətlə yetirildi. Uşaqlar anasız, atasız qaldı. Mülki vətəndaşlara qarşı qətliamlar qəbuledilməzdir. Azərbaycan dövləti müharibə başlayandan bəri döyüş meydanında mərdliklə, müharibə qaydalarına uyğun şəkildə mübarizə aparır və işğal olunmuş öz ərazilərini azad etmək istəyir. Lakin Ermənistan bütün dünyanın gözü önündə terror fəaliyyəti həyata keçirərək mülki vətəndaşları vurmaqdadır. Təəssüf ki, dünya ictimaiyyəti Ermənistanın bu qətliamlarına səssiz qaldı, görüntüləri belə paylaşmadı”.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov isə qeyd edib ki, Abdullah Eren burdan qayıdarkən bütün türk icmalarına, xaricdə yaşayan soydaşlarına erməni vəhşiliyi barədə məlumat verəcək: “Azərbaycan və Türkiyə icmaları dünyanın 50-dən çox ölkəsində birgə fəaliyyət göstərir​. Bu gün bizim haqlı mücadiləmizə bizə qarşı müxtəlif yalan və doğru olmayan məlumatların yayılmasında Ermənilərin xüsusi bir canfəşanlığı var. Buna baxmayaraq, bu günləri cənab Prezidentin apardığı siyasət, Azərbaycan Ordusunun, Azərbaycan Xalqının vəhdət bir siyasəti nəticəsində bu günləri Azərbaycan Ordusu torpaqları işğaldan azad edir. Və bu istiqamətdə də bizim işlərimiz davam edir”.

 

Qonaqlara məlumat verilib ki, döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri ətrafdakı şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alır.

 

Oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Gecə saatlarında yatmış şəhərə edilmiş faşistsayağı hücumlar nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 26 dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv