Türkiyə səfiri: “İki gündən sonra Azərbaycan qazı...”

“ATƏT Avropanın təhlükəsizliyi və sabitliyi üçün qurulmuş çox vacib bir beynəlxalq təşkilatdır. ATƏT-in üzərinə düşən vacib vəzifələrdən biri də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir”.
 

APA TV-nin məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
 

O bildirib ki, münaqişənin tezliklə həlli üçün daha çox səy göstərilməlidir: “Çox təəssüf ki, aradan keçən illərə baxmayaraq, problemin həlli mümkün olmayıb. Həm BMT, həm də ATƏT-in irəli sürdüyü parametrlərdə münaqişənin beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. Lakin hələ də Azərbaycan əraziləri işğaldan azad olunmayıb. ATƏT-in Minsk qrupu həmsədrlərinin həll yolu tapacaqlarına ümid edirik”.

 

Səfir noyabrın 30-da Azərbaycandan Avropaya qaz nəql edəcək Trans-Anadolu qaz boru kəmərinin (TANAP) işə salınacağına da münasibət bildirib: “TANAP-ın tikintisi tamamilə başa çatacaq və Azərbycan qazı Avropaya nəql olunacaq. Bu olduqca önəmli bir hadisədir. Biz hər zaman deyirik ki, Azərbaycan TANAP vasitəsi ilə Avropanın enerji təminatına köməklik göstərəcək. Bu bir həqiqətdir ki, Azərbaycan qazı Yunanıstan sərhəddinə kimi gedib çatıb. Gələn il TAP-ın inşasının başa çatması planlaşdırılır”.

 

Xatırladaq ki, 1850 km-lik TANAP xətti ilə ildə 16 mlrd. kubmetr təbii qaz nəql ediləcək. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya veriləcək.

Müəllif | Apa.Tv
Apa.tv