“Türkiyə sülh təşəbbüslərinin irəli aparılmasında söz sahibidir” – APA TV

“Türkiyə dayanmadan güclənəcək, dünyadakı imperialist qüvvələrin iradəsinə tabe olmayacaq" bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 ili münasibətilə verilən rəsmi ziyafətin iştirakçılarına videomüraciəti zamanı deyib. Onun sözlərinə görə, son 20 ildə Türkiyəni müasir mədəniyyətin ən üst səviyyəsinə çıxarmaq üçün bütün sahələrdə islahatlar həyata keçirilib. Ərdoğan ölkəsində və dünyanın dörd bir yanında yaşayan vətəndaşları Cümhuriyyət bayramı münasibətilə təbrik edib. “Hədəfimiz növbəti 100 ildə Türkiyəni dünyanın iqtisadi cəhətdən 10 ən güclü ölkələr sırasına daxil etməkdir” bunu isə jurnalistlərə açıqlamasında Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı bildirib. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 ili münasibətilə verilən rəsmi ziyafətin iştirakçılarına müraciət ünvanlayıb. Ölkə Prezidentinin təbrikini Milli Məclisin spikeri Sahibə Qafarova oxuyub. Milli Məclisin sədri bu gün Azərbaycanla Türkiyənin birgə səyləri ilə nəinki Cənubi Qafqazın, həm də daha geniş bir bölgənin geosiyasi mənzərəsini dəyişən layihələrin planlı şəkildə və əzmlə həyata keçirildiyini söyləyib. Spiker qeyd edib ki, 2021-ci ilin iyun ayında Türkiyə və Azərbaycan prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsi qardaşlıq və dostluq münasibətlərimizi ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəltmişdir. Sonra tədbir rəsmi ziyafətlə davam edib.

Müəllif | Apa.Tv
Apa.tv