Türkiyədə qar uçqununa düşənləri axtaranlar fəlakətlə üzləşdi – 38 ÖLÜ
Türkiyənin şərqində yerləşən Van vilayətində iki qar uçqunu baş verib.
APA TV-nin “Reuters”ə istinadən xəbərinə görə, ilk hadisə ötən gecə Van-Bağçasaray magistral yolunda baş verib.
Məlumata görə, həmin yolda qartəmizləyən maşın işləyirmiş. Qəfildən uçqun olub və qar təbəqəsi avtomobilin üstünə tökülüb. Nəticədə mikroavtobus 40 metr yüksəklikdən uçuruma düşüb.
Əraziyə xilasedicilər cəlb olunub. Avtomobildə olan 7 nəfər yaralı halda çıxarılaraq xəstəxanaya çatdırılıb. Beş nəfərinsə cəsədi çıxarılıb.
Xilasedicilər daha iki nəfərin qar uçqunu altında qaldığını ehtimal edir.
Uçqun altında qalan 2 nəfəri xilas etmək üçün Bahçesaray rayonunda dağlıq əraziyə cəlb olunan xilasetmə briqadası bu gün təbii fəlakətlə üzləşib. Rayonun bələdiyyə sədri Meki Aras bildirib ki, əraziyə 300 xilasedici cəlb edilib. Qəfildən qar uçqunu baş verib, nəticədə onlarla şəxs uçqun altında qalıb. Son məlumata görə, ikinci uçqunda ölənlərin sayı 33 nəfərə çatıb, 53 nəfər yaralanıb.
Beləliklə, iki qar uçqununda ölənlərin sayı 38 nəfərə yüksəlib.