Türkiyədə təyyarə qəzası: 3 ölü, 179 yaralı
Türkiyədə "Boeing 737-800" tipi sərnişin təyyarəsi uçuş zolağından çıxıb.
APA TV-nin “Reuters”ə istinadən verdiyi xəbərə görə, İzmir-İstanbul reysini həyata keçirən "Pegasus" Hava Yollarına məxsus sərnişin təyyarəsi Sabiha Gökçen hava limanına enərkən uçuş zolağında dayana bilməyib və yolun kənarına yuvarlanıb.
Təyyarə üç hissəyə bölünüb. Hadisə yerinə xilasetmə qrupları cəlb edilib. Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cavit Turhan deyib ki, baş verən qəzaya səbəb təyyarənin uçuş zolağına qəfil eniş etməsi olub.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, son məlumatlara görə, qəzada 3 nəfər ölüb, 179 sərnişin yaralanıb.
Qeyd edək ki, hadisə ilə bağlı Sabiha Gökçen hava limanına olan bütün uçuşlar İstanbul hava limanına yönləndirilib.