Türkiyədə zəlzələdə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur
APA TV-nın xəbərinə görə, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirib.
“Qardaş Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır”, - deyə qeyd olunub.
Türkiyənin Elazığ və Malatya vilayətlərində baş verən zəlzələ nəticəsində ölən və yaralanlar arasında xarici ölkə vətəndaşlarının olması haqda məlumat daxil olmayıb.
Bu barədə APA TV-nın yerli bürosuna Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsindən (AFAD) məlumat verilib.
Azərbaycanın Türkiyədəki səfirliyindən APA TV-yə bildirilib ki, təbii fəlakətlə əlaqədar (00905526792565) “Qaynar xətt” yaradılıb. “Qaynar xətt”ə indiyədək zəlzələdən zərər çəkən Azərbaycan vətəndaşları ilə bağlı heç bir məlumat daxil olmayıb.
Qeyd edək ki, dünən yerli vaxtla 20:55-də Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ baş verib.