Türkiyədən Azərbaycana gətirilən texnika hərbiləşdirildi - NAXÇIVANDA

Türkiyə istehsalı olan mühəndis texnikalarının növbəti hissəsi Azərbaycan Ordusunda silahlanmaya daxil edilib.

APA TV-nin Müdafiə Nazirliyinə istinadən məlumatına görə, Araz çayı üzərindəki “Ümid” körpüsündən keçən Türkiyənin HİDROMEK şirkətinin istehsalı olan təkərli və tırtıllı yükləyici, ekskavator və qreyderlər, eləcə də onların ehtiyat hissələri xüsusi daşıma vasitələri ilə Naxçıvan Muxtar Respublikasına (MR) gətirilib.

Mühəndis texnikalarının silahlanmaya daxil edilməsi münasibəti ilə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində mərasim keçirilib. Mərasimdə hərbi hissənin zabiti Ramil Dadaşov və HİDROMEK şirkətinin nümayəndəsi Murad Armağan Azərbaycan ilə Türkiyə arasında mövcud olan hərbi sahədəki yüksək səviyyəli əməkdaşlıqdan danışıblar.

Bildirilib ki, yeni texnikaların silahlanmaya qəbul edilməsi mühəndis təminatı bölmələrinin texniki imkanlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Çıxışların ardından texnikaları gətirmiş heyətə Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən qiymətli hədiyyələr təqdim edilib.

Müəllif | Apa.Tv
Apa.tv