Türkiyəli psixoloq: "Daha çox qorxuları, panik-atakları, yuxu problemi olanlar müraciət edir"

Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə ölkəmizə gəlmiş türkiyəli psixoterapevtlər Vətən Müharibəsindən sonra mənəvi-psixoloji problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasına başlayıblar.

 

APA TV-nin xəbərinə görə, yanvar ayının 22-dən etibarən FHN-in “112” qaynar telefon xətti vasitəsilə mütəxəssislərin qəbuluna yazılmış 100-ə yaxın Vətən Müharibəsi iştirakçısı, yaralı, şəhid ailəsi üzvü, erməni terrorundan zərər görmüş insana psixoterapevtik yardım göstərilib.

 

Fövqəladə Hallar Nazirliyinin Tibbi və Psixoloji Yardımın Təşkili Şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva bildirib ki, Vətən Müharibəsindən sonra müharibənin mənfi fəsadlarının aradan qaldırılması istiqamətində ölkədə aparılan işlərə dəstək olmaq məqsədilə Türkiyədən 20 klinik-psixoloq və psixoterapevt dəvət olunub: “Hazırda bu addım müharibə iştirakçılarına, qazilərə, şəhid ailələrinə, terrordan fiziki və mənəvi zərər görən insanların psixoloji reabilitasiyasını təmin etmək, eyni zamanda, ölkədəki digər psixoloqlara kömək, dəstək olmaq məqsədi daşıyır. Bu günə qədər respublikanın müxtəlif yerlərindən 100-ə yaxın vətəndaşın müraciətlərinə baxılıb. Müraciətlər Bakı, Sumqayıt, Abşeron, Siyəzən, Quba, Qusar, Bərdə, Tərtər, Ağdam və digər yerlərdəndir. Müraciət edənlərin sırasında əsas etibarilə müharibədə iştirak edib hazırda tərxis olunan, qazilər, şəhid ailələri, terrordan əziyyət çəkən insanlar var".

 

Xanım Sofiyeva onu da qeyd edib ki, müharibəyə bu və ya digər dərəcədə aidiyyəti olan, müəyyən psixoloji narahatlıqlar yaşayan insanlar həftənin bütün günlərində 24 saat ərzində 112 "Qaynar xətti"nə müraciət edərək qeydiyyatdan keçə və bu yardımdan faydalana bilərlər: "Türkiyədən gələn mütəxəssislər hər sahədə bizə kömək olduqları kimi bu sahədə də çox həvəslə, ürəkdən bu işə qoşulublar. Yuxu problemləri olan, döyüş meydanlarında yaşadıqları faciəvi hadisələri təkrar-təkrar yaşayan, depressiv, müəyyən qədər həyatdan bezmiş vəziyyətə düşən, suisid fikirləri olan, ən adi qıcıqlara belə çox aqressiv davranış göstərən, cəmiyyətdən, öz yaxınlarından belə uzaqlaşan insanlar var, bunlar müharibənin mənfi fəsadlarıdır. Bu hallara vaxtında və düzgün qaydada müdaxilə edib psixoloji yardım almaq lazımdır.

 

İstanbullu mütəxəssis Eda Albayram hesab edir ki, Türkiyə Azərbaycan qardaşlığı daimi və əbədi olduğu üçün o da, bu gün öz qardaşlarına yardım etmək üçün buradadır: “Bizim burada göstərdiyimiz müdaxilə həmin şəxslərin normal həyatına geri dönə bilməsi üçündür. Əsgərlər, qazilər spesifik olaraq travma sonrası təsirdədirlər, bəzi simptomlar yaşayırlar. Bunun üçün çalışırıq ki, həmin problemlər qalıcı olmasın və həmin şəxslər normal həyata geri dönə bilsin. Çünki həmin problemlər qalıcı olanda normal həyata adaptasiya ola bilmirlər. Sağalma müddəti şəxsə görə dəyişir. Terapiyadakı əsl məqsəd necə yaşayırsansa yaşa, amma həqiqət olan bir şey var, həmin şəxsi də həqiqətə, normal həyata geri döndürməkdir”.

 

Vətən Müharibəsindən əziyyət çəkənlərə dəstək olmaq üçün gəldiklərini deyən Alaniyalı klinik-psixoloq Ayşə Albayrak Karaca deyir ki, hazırda müraciət edənlər əsasən qorxuları, panik-atakları olan, depressiyadan əziyyət çəkən insanlardır: “Biz travma qorxuları, qayğıları, ailələrindən uzaqlaşan, mənfi düşüncələrə qapılan şəhid ailələri, qazilər, müharibədən əziyyət çəkən insanlara dəstək olmaq məqsədilə buradayıq. Müraciət edənlər əsasən qorxuları, panik-atakları olan, depressiyadan əziyyət çəkən, yuxu problemi olan insanlardır. Biz də onlara dəstək oluruq”.

 

Qeyd edək ki, Vətən Müharibəsi iştirakçısı, yaralı, şəhid ailəsi üzvü, erməni terrorundan zərər görmüş insanlar “112" Qaynar xəttinə müraciət edərək qeydiyyatdan keçməklə növbəyə yazıla bilərlər.

 

İlahə Vəliyeva,

Əli Ələkbər,

APA TV 

 

Müəllif | Apa.Tv
Apa.tv