Türkiyənin Cümhuriyyət bayramı münasibətilə Gəncədə tədbir keçirilib
Gəncədə Türkiyə Cümhuriyyətinin 97-ci ildönümünə həsr olunan tədbir keçirilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, tədbirdə Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, şəhər rəhbərliyinin nümayəndələri, ziyalılar və KİV nümayəndələri iştirak ediblər. Öncə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 97-ci ildönümü münasibətilə videotəbriki izlənilib.
Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk iki ölkə arasında olan münasibətlərdən və əldə olunan nailiyyətlərdən danışıb:
"Biz türklər altı qardaşıq. Azərbaycan və Türkiyə isə bu qardaşların əkizidirlər. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!", - deyə konsul əlavə edib: “İnşallah ən qısa zamanda Qarabağ savaşının Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnməsini görəcəyik”.
Zəki Öztürk Qarabağda gedən döyüşlərdə şəhid olmuş zabit və əsgərlərimizə Allahdan rəhmət diləyib: “Qarabağdakı müharibədə və ondan öncəki döyüşlərdə şəhid olan azərbaycanlı qardaşlarımıza Allah rəhmət etsin. Bu müharibədə yaralanan Qazi qardaşlarımızın da tez sağalması üçün dua edirik”.
Qeyd edək ki, tədbirin sonunda iştirakçılara Türkiyənin ötən əsrin əvvəllərində qurtuluş savaşında verdiyi mücadilə ilə bağlı videoçarx təqdim olunub.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov ,
APA TV