Türkiyənin Gəncədəki Baş Konsulluğu ağacəkmə aksiyası keçirib
Türkiyənin Gəncədəki Baş Konsulluğu Çanakkale Zəfərinin 105-ci ildönümü ilə bağlı ağacəkmə aksiyası keçirib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, kampaniya çərçivəsində Gəncədəki Heydər Əliyev adına Park Kompleksində ağaclar əkilib. Aksiyada Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycanın və Türkiyənin azadlığı uğrunda canından keçən şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi yad edilib. Qeyd olunub ki, Çanakkale döyüşündə 3 minə yaxın azərbaycanlı iştirak edib və qardaş ölkənin müstəqilliyi uğrunda canlarından keçiblər.
Heydər Əliyev adına Park Kompleksində simvolik olaraq 18 mart şəhidlərinin anım günü münasibəti ilə 18 ağac da əkilib, tinglərə qulluq göstərilib.