Türkiyəyə yardım göndərən rayonlara Beyləqan, Zərdab və Balakən də qoşuldu

Türkiyədə baş verən zəlzələ ilə bağlı bölgələrdə toplanan yardımlar hissə-hissə yola salınır. Yüklər quru yolu ilə Gürcüstandan keçərək fəlakət bölgəsinə çatdırılır. Yardımın daha koordinasiyalı təşkili üçün bölgələrdən gələn tırlar Gəncədə Türkiyə konsulluğunun nəzarəti ilə yola salınır. Dünən Gəncədən 7 yük maşını yola salınıb. Bunlar Naftalan, Qazax, Tovuz, Yevlax və Şəmkir rayonlarının təşkil etdiyi yardımlar idi. Bu gün isə Balakəndən yola çıxan yardım Türkiyə konsulluğunun Gəncədəki məntəqəsinə gəlib.

Digər bölgələrin nümayəndələri də yardımla bağlı konsulluqla məsləhətləşmələr aparır və daha çox nəyə ehtiyac varsa, onu göndərməyə çalışırlar. Yardım kampaniyasına Zərdab rayonu da qoşulub.

Beyləqan rayonundan yola çıxan yardım maşını da Gəncə şəhərində təyin olunmuş məntəqəyə çatıb.

Toplanan yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənir və qardaş ölkəyə yola salınır. Toplanan əşyalar arasında əsasən qış paltarları, o cümlədən əlcək, gödəkcə, şalvar, şərf, qalın yun corab, həmçinin yataq dəsti, ərzaq, su, xalça, fənər və generatorlar üstünlük təşkil edir.

Gün ərzində Füzuli, Tərtər və Oğuz rayonlarından da gətirilən yüklərin Gəncədən yola salınması gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv