18:52 22 sentyabr 2022 300
Ana səhifə Xəbərlər

"TURKOVAC" vaksini sınaqdan necə çıxdı? – NAZİR AÇIQLADI

Bakıda Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisi baş tutub. APA TV xəbər verir ki, sərginin təşkilatçısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyidir. Tədbirdə hər iki ölkənin səhiyyə nazirləri Teymur Musayev və Fahrettin Koca çıxış ediblər.

 

Teymur Musayev bildirib ki, hazırda dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa ölkələr yoxdur. Bu yaxınlıqdan doğan inkişaf bütün sahələrdə olduğu kimi səhiyyədə də özünü büruzə verir.

 

"44 günlük Vətən müharibəsi dövründə Türkiyənin siyasi rəhbərliyi daim Azərbaycanın yanında olub. Azərbaycanın ərazi bütövlüyü uğrunda xəsarət alan 200-ə yaxın şəxs YAŞAT Fondunun təşkilatçılığı ilə Türkiyəyə göndərilib. Onların əksəriyyəti müalicəsini başa vuraraq ölkəmizə qayıdıb. Eyni zamanda Türkiyədə müalicə olunanlar arasında şəhidlərimizin ailə üzvləri də yer alır".

 

Teymur Musayev qeyd edib ki, ölkələrimiz arasında tibbi təhsillə də əlaqədar birgə işlər aparılır: "Hazırda Azərbaycan Türkiyənin 20-yə yaxın universiteti ilə əməkdaşlıq edir. Azərbaycan Tibb Universitetində 700-dən çox türkiyəli tələbə və 10-a yaxın rezident təhsil almaqdadır. "TURKOVAC" vaksininin ölkə xaricində həyata keçirilən ilk klinik sınağı Azərbaycanda aparılıb. Ümid edirəm ki, əczaçılıq sektorunda və yeni dərmanların sınağında ölkələrimiz arasındakı əməkdaşlıq öz bəhrəsini verəcək".

 

Nazirin sözlərinə görə, 17 may 2022-ci il tarixində Ankara şəhərində Azərbaycan və Türkiyənin Səhiyyə nazirlikləri arasında imzalanmış “Əməkdaşlıq üzrə Yol Xəritəsi”ndə biznes forumların hər iki ölkədə mütəmadi təşkili nəzərdə tutulur: “Hazırda xəstəxanaların təchizatının böyük əksəriyyətini Türkiyə istehsalı olan tibbi avadanlıq və alətlər təşkil edir. Türkiyənin 1000-dən çox dərman vasitəsi Azərbaycanda dövlət qeydiyyatından keçib. Bu gün burada auditoriyada hər iki tərəfdən əczaçılıq sektorunun nümayəndələri, tibbi avadanlıq istehsalçıları, tibbi turizm nümayəndələri iştirak edirlər. Əməkdaşlığımızın bundan sonra da yüksələn xətlə davam edəcəyinə və Forumun investorlar üçün yeni imkanlar yaradacağına inanırıq”.

 

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca qeyd edib ki, Türkiyənin Azərbaycana qoyduğu investisiyanın həcmi 12 milyard dolları keçib. Onun sözlərinə görə, Azərbaycanın Türkiyəyə yatırdığı sərmayə isə 20 milyard dollardan çoxdur: "Ticarət həcmimiz 5 milyard dollar ətrafındadır. Bunun 15 milyard dollara çatdırılmasına töhfə verəcəyimizə səmimi qəlbdən inanıram. Türkiyəyə müalicəyə gedənlər üçün xüsusi portal da istifadəyə verilib. Müalicə üçün ölkəmizi seçən şəxslər portal üzərindən xəstəxana və həkim seçimini edə biləcəklər"

 

Tədbirdən sonra jurnalistlərə açıqlama verən Teymur Musayev bildirdi ki, hazırda ölkəmizdə “COVİD 19” əleyhinə yetəri qədər vaksin var.

 

Nazirin sözlərinə görə, Azərbaycanda "TURKOVAC" vaksininin 3-cü faza klinik sınaqlarının ilkin nəticələri açıqlanıb.

 

Məlumat üçün onu da bildirək ki, "TURKOVAC" vaksini ilə bağlı artıq ilkin məlumatlar toplanılıb və daha dəqiq, dərin təhlil üçün Türkiyəyə göndərilib.

 

ŞƏMS QULİYEVA,

FARİZ QULUYEV,

APA TV

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın