Üç avtomobil qaçırdılar, bir marketdən oğurluq etdilər – BAKIDA
Nəsimi rayonunda 3 avtomobil qaçıran və 1 marketdən oğurluq edən şəxslər saxlanılıb.
APA TV-nin məlumatına görə, 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində marketlərin birinin pəncərəsini sındıraraq oradan 834 manatlıq müxtəlif növ tütün və şirniyyat məhsulları, habelə, kassadan 20 manat pul oğurlayan İmişli rayon sakini Zaur Gözəlov yaxalanıb.
Araşdırma zamanı müəyyən edilib ki, o, cari ilin aprel ayında həmyerlisi Şəhriyar Musayevlə birlikdə Nəsimi rayonu ərazisində müxtəlif şəxslərə məxsus iki “VAZ-2107” və bir “Ford Transit” markalı nəqliyyat vasitələrini qaçırıb.
Keçirilən əməliyyat nəticəsində Şəhriyar Musayev də saxlanılaraq istintaqa təqdim edilib.
Onlar barəsində cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.