Üç azyaşlı övladı ilə küçələrdə qalan ananın aqibəti necə oldu? - APA TV-NİN REPOTAJI
Bir neçə gün öncə Xətai rayonu Əhmədli qəsəbəsi, Vunqtau küçəsi 14 ünvanında müxtəlif binaların zirzəmilərində gecələyən 37 yaşlı Günay Xəlilova və onun üç azyaşlı övladı ilə bağlı sizə süjet təqdim etmişdik. Əslən Qaxdan olan Günayın Bakıda, Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı yarımtikilidə yaşadığını, özündən başqa heç bir uşağının rəsmi sənədi olmadığı məlum olmuşdu. Elə bu səbəbdən də heç yerdə işləyə bilmir, mütəmadi olaraq tüfeyli həyat tərzi keçirən əri Samir tərəfindən döyülür, məcbur olub küçələrdə yaşayırdı. Bundan əlavə, əri, onu və 3 azyaşlı övladını dilənçilik etməyə vadar edirmiş.
APA TV-nin müdaxiləsindən sonra problemə Daxili İşlər Nazirliyi, Sosial Xidmətlər Agentliyi reaksiya verdi. Əri Samir, Xətai rayon 36-cı polis bölməsi tərəfindən saxlanıldı və Günay Xəlilovanın şəxsiyyət vəsiqəsi ondan geri alındı.
Günayın övladlarının doğum haqqında şəhadətnamə ilə təmin olunması və sosial müdafiəsi üçün Sosial Xidmətlər Agentliyinin Xətai və Nəsimi filialının rəisi Vaqif Əliyevin dəstəyi ilə 6 saylı Bakı "ASAN xidmət" mərkəzinə müraciət etdik.
Günay Xəlilovanın övladları üçün 6 saylı Bakı "ASAN xidmət" mərkəzinə lazım olan sənədlərin hazırlanması ilə bağlı Səhiyyə Nazirliyinin 4 nömrəli Uşaq Poliklinikası ailəni tibbi qeydiyyata götürdü.
Təxminən iki gündən sonra doğum haqqında şəhadətnamənin verilməsi üçün tələb olunan sənədlər hazırlandı.
Bu gün əldə olunan tibbi arayışlarla birgə 6 saylı Bakı "ASAN xidmət" mərkəzinə müraciət etdik.
Təxminən 20 dəqiqə gözlədikdən sonra isə Günay Xəlilovanın 3 azyaşlı övladına ad qoyuldu və doğum haqqında şəhadətnamələri özlərinə təqdim olundu:
Bu gün “ASAN” Xidmətdəyik. Günay Xəlilovaya doğum haqqında şəhadətnamələr təqdim olunacaq və prosesi olduğu kimi sizə təqdim edirik.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyir ki, vətəndaşın sənədləri qeydiyyatda olduğu Qax rayonuna sorğu göndəriləndən sonra hazırlanıb: “Siz bizə yaxınlaşanda Günay Xəlilovanın şəxsiyyət vəsiqəsi olsa da, doğum haqqında şəhadətnaməsi yox idi. Biz vətəndaşın sorğusunu qəbul etdik. Qax rayonuna müvafiq sorğuları göndərdik. Artıq vətəndaşın doğum haqqında şəhadətnaməsi də gəldi Qax rayonundan. Vətəndaşın özünün doğum haqqında şəhadətnaməsinin alınması bizə uşaqların doğum haqqında şəhadətnamələrinin hazırlanmasında bizə yaxından köməklik göstərdi. Vətəndaşın “Forma 103” yəni doğum haqqında sənədi belə yox idi. Bu gün doğum qeydiyyata alındı və rəsmiləşdirildi. “ASAN xidmət” nəzərdə tutulan sənədlərin hazırlanması üçün xərcləri də özü qarşıladı. Artıq bütün sənədlər hazırdır”.
Sosial Xidmətlər Agentliyinin filial rəisi Vaqif Əliyev deyir ki, Günay Xəlilovanın 3 övladına, hərəsinə 200 manat olmaqla birdəfəlik doğum müavinəti veriləcək: “Əvvəlcə Günayı təbrik edirəm. Artıq övladları ilə bağlı sənədləşmə prosesi başa çatdı. Təbii ki, sənədləşmə vacibdir. Poliklinikada bizə yaxından köməklik etdi. Ailə aztəminatlı ailələr üçün nəzərdə tutulan imtiyazlardan istifadə edə biləcək. Bundan başqa, Günay Xəlilova 3 övladına, hərəsinə 200 manat olmaqla birdəfəlik doğum müavinəti ilə təmin olunacaq”.
Sənədlər 6 saylı Bakı "ASAN xidmət" mərkəzində hazırlandı. Təxminən 10 gündən sonra Günay və övladları şəxsiyyət vəsiqələri ilə də təmin olunacaq. Bundan sonra aztəminatlı ailə kimi dövlət qeydiyyatına alınaraq Əmək və Əəhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təklif edilən müvafiq imtiyazlardan faydalanacaq.
Çəkilişə göstərdiyi dəstəyə və məsələyə operativ reaksiya verdiyi üçün 6 saylı Bakı "ASAN xidmət" mərkəzinə və Sosial Xidmətlər agentliyinə təşəkkür edirik!
Sevinc Vaqifqızı,
Üzeyir Ağayev,
APA TV