Ucar sakininin evini qəzalı vəziyyətə kim saldı?

Ucar sakini evinə tikinti şirkəti tərəfindən ziyan dəydiyini iddia edir.

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Qarabörk kənd sakini, 1977-ci il təvəllüdlü Ceyhun Zülfüqarov 4 ailə üzvü ilə birlikdə uzun müddətdir ki, 2 otaqlı bu evdə yaşayır.

Ailə başçısının dediyinə görə, bu ev ona atasından miras qalıb. Atası isə evi, 1970-ci ildə yarımtikili vəziyyətdə alıb.

Son illərə kimi ev normal vəziyyətdə olub. Lakin son illər evdə çatlar əmələ gəlib. Ceyhun Zülfüqarov onun yaşadığı evin qəzalı vəziyyətə düşməsinin əsas səbəbkarı kimi Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisini aparan şirkəti ittiham edir.

Belə ki, Ceyhun Zülfüqarov artıq 2 ilə yaxındır ki, tikintini aparan Körpü Bina Tikinti şirkətinin ağır tonnajlı yük avtomobillərinin onun evinin 10-15 metrliyindən keçdiyini və bu səbəbdən də evdə çatların böyüdüyünü bildirir.

Müvafiq qurumlara rəsmi müraciət etdiyini deyən ailə başçısı hələ ki, heç bir nəticə olmadığını deyir.

Məsələ ilə bağlı müraciət etdiyimiz tikinti aparan şirkətin rəsmisi Zaur adlı şəxs isə bildirdi ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxlamalısınız.

Biz də üz tutduq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirdi ki, yolun tikilməsinin sifarişçisi Dövlət Agentliyi olsa da orda yaranan problemə görə, onlar məsuliyyət daşımır: “Həmin ərazidə düzdür sifarişçi olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həmin ərazidə tikintinin sifarişçisidir. Ancaq təbii ki, podratçı şirkət orda hər hansı bir problem yaşanırsa, ümumiyyətlə qarşılaşan problemin həllində podratçı şirkət cavabdehdir”.

Anar Nəcəfli həmçinin qeyd etdi ki, əgər vətəndaşın hər hansısa problemi varsa bununla bağlı məhkəməyə müraciət edə bilər.

Zahid Abışov,

Devran Əsgərov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv