Ucar sakinləri bu yoldan niyə qorxur?

Ucar rayonunun ən böyük kəndlərindən olan Qarabörk kəndinin yolları sakinləri cana gətirib. 

Uzunluğu cəmi 6-7 kilometr olan yol ilin bütün fəsillərində camaata çox böyük çətinliklər yaradır. Uşaqlar, qışda yolun palçıq, yayda da toz olması səbəbindən məktəbə, bağçaya gedib-gələ bilmirlər.  Yolun vəziyyəti ən çox maşını olanların kabusuna çevrilib.

Sürücülər deyir ki, adı çəkilən  yolun bərbad vəziyyətdə olması həm vaxt itkisinə, həm də lazım olduğundan artıq yanacaq xərclənməsinə, avtomobillərin ehtiyat hissələrinin tez-tez sıradan çıxmasına səbəb olur.

Məsələyə şifahi olaraq münasibət bildirən Qarabörk kənd bələdiyyəsinin sədri, Cavid Əliyev yanarmış problemdən xəbərdar olduqlarını bildirdi. O, qeyd etdi ki, yolda bərpa işlərinin aparılmamasının səbəbi vergilərin ödənməməsidir: “Sakinlər yola çınqıl örtüyünün döşənməsini istəyirlər. Bələdiyyələrin büdcəsi vergilər hesabına formalaşır. Adı çəkilən yolun üzərində 100-dən artıq ailə yaşayır ki, bunların da hər birinə  vergilərin ödənilməsi ilə bağlı bildiriş göndərilib. Əgər vətəndaşlar vergiləri ödəsələr yollara nəinki, çınqıl, hətta asfalt örtüyü vurmaq da mümkündür”, deyə bələdiyyə sədri qeyd edib.

 

Zahid Abışov, Devran Əsgərov, APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv