Ucar sakinləri narazıdır, tullantılar küçədə yandırılır - REPORTAJ
Ucarda məişət tullantıları küçədə yandırılır.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, rayonun Azərbaycan küçəsində məişət tullantıları zibil qutuları olmadığından küçələrə tökülür. Vaxtında aidiyyəti qurumun əməkdaşları tərəfindən təmizlənmədiyinə görə, küçə artıq zibil poliqonunu xatırladır. Sakinlər isə bu tullantılardan qurtulmaq üçün onları elə yerindəcə yandırırlar.
Rayon sakini Rövşən Məmmədovun sözlərinə görə, məişət tullantılarına görə ərazi sahibsiz itlərin də məkanına çevrilib: “Natəmizlikdi, virusdur, antisanitariyadır. Deyirlər ki, itlərə atmağa icazə yoxdur. İtlər də nəyə yığışır, bu zibilliyə yığışırlar. Yay havasıdır, uşaq çıxır küçəyə oynamağa, uşaqla oynamağa itlərin qorxusundan çıxa bilmir. Bir iki dəfə də mənim özümün, öz uşağımın it cumubdur qonşu qoymayıb, sağ olsun. Olmaz axı belə. Bizim də tələbimiz odur ki, bu zibilliklə bağlı nə isə əncam etsinlər”.
Rahid Yunusov deyir ki, yaranmış problemlə bağlı ötən aylarda dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də bu günə kimi hələ də problem həll edilməyib: “6-8 aydır bura yığışılmır, qalıb bu vəziyyətdə. Nə desən var, burda 20-dənə itin əlindən daha gecə yatmaq da olmur, yola çıxmaq da olmur. Bax vəziyyət bu yerdədir. Nə edək, kimə deyək bilmirik. Nə isə bir tədbir də görən yoxdur. Gedib deyirsən, gəlib baxır, deyir yaxşı, çıxıb gedir. O getməklə də 15-20 gün. Artıq 6 aydır. Demədiyimiz yer qalmayıb, vəziyyət bu yerdədir”.
Məsələ ilə bağlı Ucar rayon kommunal müəssisələri kombinatının müdiri İslaməli İsmayılov isə deyir ki, həftənin 3-6-cı günləri Azərbaycan küçəsində məişət tullantıları təmizlənir. O, çəkiliş apararkən ərazidə lentə aldığımız məişət tullantılarının isə bu gün yığışdırılacağını bildirib. Zibil yeşiklərinə gəldikdə isə qurum rəsmisi rayonda hazırda yeşik qıtlığı olduğunu və bu barədə lazımı qurumlara məlumat verildiyini vurğulayıb. İslaməli İsmayılov yaxın zamanlarda bu problemin də həll ediləcəyini vurğulayıb.
Qeyd edək ki, analoji vəziyyət rayonun digər küçə və prospektlərində də yaşanır.
Zahid Abışov
Devran Əsgərov