16:18 23 sentyabr 2022 662
Ana səhifə Xəbərlər

Ucarda bağlı qapılar niyə çoxalır? - APA TV

Heç kimə sirr deyil ki, bu gün işsizlik problemi ilə ən çox rayon mərkəzlərində rastlaşırıq. Məhz buna görə də rayonlarda çox sayda insan evlərinin qapısını bağlayıb iş tapmaq ümidi ilə üz tutur paytaxt Bakıya.

 

İşsizlikdən ən çox əziyyət çəkən rayonlarımızdan biri də Ucardır.

 

Qaynar xəttimizə zəng edib, bizi çəkiliş üçün rayona dəvət edən sakinlər deyirlər ki, Ucarda məktəb olmasa, camaat acından ölər. Çünki başqa idarə və müəssisələrdə demək olar ki, yeni iş imkanları yaranmır.

 

Rayon mərkəzində mikrofon uzatdığımız hər kəs bir neçə ildir ki, iş üçün müraciət etdiyini, ancaq hələ də növbə gözlədiyini dilə gətirdi.

 

Sakinlərin sözlərinə görə, Ucar rayon Məşğulluq Mərkəzinə illərdi ki, müraciət ediblər. Ancaq hər soruşanda eyni cavabı alırlar: Qeydiyyata almışıq, iş olan kimi xəbər edəcəyik.

 

Rayon Məşğulluq Mərkəzinin sektor müdiri Raul Qurbanov məsələyə münasibət bildirməkdən imtina etdi. Biz də Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı ilə əlaqə saxladıq. O isə dedi ki, hər bir vətəndaşın müraciəti araşdırılır və onların məşğulluq imkanları qiymətləndirilir. Onun sözlərinə görə, vətəndaş məşğulluq mərkəzinin ona vakansiya təklif etməsini gözləməyə də bilər. Çünki elektron sistemdə vakansiyalar yerləşdirilir.

 

Qurum rəsmisinə Ucar rayonunda əhaliyə təklif olunan vakansiyaların sayı və hansı sahələri əhatə etməsi barədə sual ünvanladıq. Ancaq təəssüf ki, bu barədə məlumat verə bilməyəcəyini dedi.

 

 

Zahid Abışov, Devran Əsgərov, APA TV

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın