Ucarda bir məktəbin 260 şagirdi dərslərə getməkdən imtina etdi
Ucarda narazı valideyinlər tədris ocağının qarşısında aksiya keçiriblər.
Əziz Əliyev adına Qazyan kənd 2 nömrəli tam orta məktəbi istismar müddətini başa vurduğundan bina qəzalı vəziyyətə düşüb. Buna görə də yeni məktəb binasının tikintisinə qərar verilib. Şagirdlər isə müvəqqəti olaraq qonşu Qarabörk kənd tam orta məktəbinə köçürülüblər.
Valideyinlərin kənddə müasir tipli məktəbin tikintisindən və övladlarının müvəqqəti olaraq qonşu kənd məktəbində təhsil almasından narazı deyillər. Onları narahat edən əsas məsələ övladlarının 2 -ci dərəcəli Ucar-Zərdab yolunun üstündə yerləşən Qarabörk məktəbinə gediş-gəlişidir. Sakinlər deyir ki, bu yolla piyada məktəbə getmək çox təhlükəlidir. Sürətli avtomobil yolu ilə azyaşlı uşaqların gediş-gəlişi bədbəxt hadisələri qaçılmaz edir.
Buna gör də qonşu kənddə təhsil almalı olan 260 şagirdin əksəriyyəti məktəbə getməyib. Valideyinlər deyir ki, məktəb şagirdi üçün 5-6 kilometrlik yolu piyada getmək mümkün deyil. Məktəb rəhbərliyi daşınma məqsədi ilə heç bir nəqliyyat ayırmayıb. Bu səbəbdəndə valideyinlər Qarabörk kənd orta məktəbinin qarşısına toplaşaraq, müvafiq orqanlardan şagirdlərin daşınmasının təmin olunmasını tələb ediblər.
Ucar Rayon Təhsil Sektorunun rəhbərliyi əraziyə gələrək valideyinlərlə görüşüb. Valideynlərə bildirilib ki, məsələ ilə əlaqədar aidıyyəti orqanlara məlumat verilib.
Məktəbin direktoru Firadə Ələkbərova bildirib ki, gələn ayın 1-ci ongünlüyünə kimi şagirdlərin daşınması təmin olunacaq.
Valideyinlər isə tələbləri yerinə yetirilənə qədər övladlarının məktəbə getməyəcəyini deyirlər.