Ucarda küçələrə atılan zibillər antisanitar vəziyyət yaradıb – SAKİNLƏR NARAZIDIR
Ucarda məişət tullantıları vaxtında yığışdırılmadığı üçün küçələrdə antisanitar vəziyyət hökm sürür.
APA TV-nin yerli bürosunun xəbərinə görə, belə küçələrdən biri də rayonun 28 May küçəsidir. Burda məişət tullantıları zibil qutuları olmadığından bir başa küçələrə tökülür.
Sakinlər deyir ki, tullantılar aidiyyəti qurumlar tərəfindən vaxtında götürülmədiyindən küçələr zibil poliqonunu xatırladır.
Sakinlər yaranmış problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də hələ də heç bir nəticə yoxdur.
Məsələ ilə bağlı Ucar şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Abdulla İbrahimov şifahi olaraq bildirdi ki, zibilin küçələrdən yığışdırılması qrafik əsasında aparılır. Onun sözlərinə görə, sakinlər kommunal xidmət haqlarını vaxtında ödəməsələr də sözügedən ərazidən zibil qrafikə uyğun olaraq götürülür. Orada daha çox tullantının olmasına əsas səbəb isə ərazinin rayon bazarına daha yaxın olmasıdır.
Belə ki, bazara gələn vətəndaşlar qablaşdırdıqları zibilləri bazara gələndə həmin əraziyə atırlar. Bu da ərazidə daha çox tullantının yaranmasına səbəb olur.
Qeyd edək ki, analoji vəziyyət rayonun digər küçə və prospektlərində də yaşanır.
Zahid Abışov
Devran Əsgərov
APA TV