Ucarda məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib
Ucar rayonunda 250 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi istifadəyə verilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, açılış mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə iştirak edib.
Yeni yaşayış məhəlləsi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən layihələndirilib və tikilib. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 109-cu qəsəbədir. Ayrılmış 4 hektar torpaq sahəsində tikinti işlərinə 2019-cu ilin may ayında başlanılıb.
Yaşayış kompleksində hər biri beş mərtəbəli olmaqla altı ədəd yaşayış binası tikilib. Qəsəbədəki mənzillərdən 25-i birotaqlı, 110-u ikiotaqlı, 100-ü üçotaqlı, 15-i dördotaqlıdır. Yaşayış məhəlləsində 220 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi tikilmiş, o cümlədən müvafiq mühəndis kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.
Bu kompleksə Ucar rayon ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.
Zahid Abışov