Ucarda təbii fəlakətin fəsadı aradan qaldırılır

Ucarda təbii fəlakətin fəsadı aradan qaldırılır - APA TV Ucarda təbii fəlakətin fəsadları aradan qaldırılır. Ötən gün axşam saatlarında rayon ərazisində yağışla müşahidə olunan güclü külək 14 - ə yaxın binanın dam örtüyünü atıb, bir necə iri gövdəli ağacı aşırıb, elektrik təsərrüfatına və rabitə xətlərinə ciddi ziyan vurub. Rayonun M. Ə. Rəsulzadə küçəsində və H. Əliyev prospektində hündür mərtəbəli binaların dam örtüyü tamamilə yararsız vəziyyətə düşüb. M. Ə. Rəsulzadə küçəsində yaşayış binasının dam örtüyünün qopması nəticəsində 1957-ci il təvəllüdlü Ənvər Məmməd oğlu Məmmədov ağır xəsarətlə rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Rayonun Küçəkənd kənd sakini Aşura Musayevaya məxsus dükanın dam örtüyünün uçması nəticəsində sahibkar yüngül xəsarət alıb. Sahibkarın dediyinə görə, ona 12000 manat ziyan dəyib. Bundan başqa rayonun bir çox ərazilərində külək tikililərin dam örtüyünü uçurub, ağacları kökündən qoparıb. Sakinlər deyir ki, külək əsasən Ucar Rayon Mənzil İstismar Sahəsinə məxsus binalara ziyan vurub. Ucar Rayon Mənzil İstismar Sahəsinin Rəisi Tural İsmayılov şifahi olaraq bildirdi ki, ötən gün rayon ərazisində baş verən təbii fəlakət nəticəsində istismar sahəsinin balansında olan ümumilikdə 14 binaya ziyan dəyib: “Onlardan 5 binanın dam örtüyü bütöv, 9 binanın dam örtüyü isə qismən təmir olunacaq. Yaxın vaxtlarda zərər görən bütün binalar bərpa olunacaq”- deyə, sahə rəisi qeyd edib.

Zahid Abışov, Devran Əsgərov, APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv