Ucarda tövlədə yanğın: 3 baş heyvan tələf oldu
Ucarda baş verən yanğında 3 baş iribuynuzlu heyvan tələf olub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Alpout kəndində qeydə alınıb.
Kənd sakini, 1970-ci il təvəllüdlü Elxan Yediyar oğlu Cəfərova məxsus ümumi sahəsi 500 kvadratmetr olan tövlədə güclü yanğın baş verib. Nəticədə tövlə içərisində olan 3 baş iribuynuzlu heyvan və xeyli sayda ot bağlaması ilə birlikdə yanıb.
Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və tövlədə olan 1 baş heyvan xilas edilib.
Faktla bağlı araşdırma aparılır.
Zahid Abışov
Devran Əsğərov