Ucarın mərkəzində evləri və həyətləri su basıb
Aran bölgəsinə yağan güclü yağış fəsadsız ötüşməyib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, ötən günlərdə yağan aramsız yağış Ucarın Məhəmməd Əmin Rəsulzadə küçəsində bir neçə evin zirzəmisini və həyətini su basması ilə nəticələnib.
Sakinlər hər dəfə yağış və ya qar yağdıqdan sonra analoji vəziyyətlə üzləşdiyini deyirlər. Yaranmış problemlə əlaqədar olaraq rayonun aidiyyəti qurumlarına məlumat verilsə də, bu günə kimi heç bir tədbir görülməyib.
Ucar şəhər inzibatı ərazi dairəsi üzrə icra nümayəndəsi Abdulla İbrahimov APA TV-yə açıqlamasında deyib ki, problemin yaranmasına əsas səbəb 1956-cı ildə istismara verilmiş kanalizasiya borularının lillə dolması və boruların köhnəlib sıradan çıxmasıdır. Məsələ ilə əlaqədar olaraq rayon rəhbərliyinə və müvafiq qurumlara məlumat verilib. Yaxın günlərdə borular yeniləri ilə əvəz olunacaq və problem köklü şəkildə həll olunacaq.