Ucarın Qazıqumlaq kəndində içməli su problemi – GÜNAHKAR KİMDİR?

Ucar rayonunun Qazıqumlaq kəndində içməli su problemi yaşanır.

APA TV-nin yerli bürosunun xəbərinə görə, kənddə "Azərsu" xidmət göstərsə də, içməli suya olan tələbat ödənilmir. Bu səbəbdən suvarma suyundan həm də içməli su kimi istifadə edilir. 

Ötən ilin avqust ayından bölgədə yaranmış su qıtlığı sakinləri çıxılmaz vəziyyətə salıb. Onların sözlərinə görə, kənddə əvvəllər də su qıtlığı olduğu üçün kanal suyundan içməli su kimi istifadə edilib. Son illərdə kəndə içməli su çəkilsə də, kanallarda suyun əvvəlki illərə nisbətən daha az olması səbəbindən içməli sudan kənd sakinlərinin əksəriyyəti hətta mal-qara suvarmaq üçündə istifadə edir. İçməli su səhər və axşam saatlarında cəmi 2-3 saat verilir ki, bu da tələbatı, ümumiyyətlə, ödəmir. 

Məsələ ilə bağlı kənd icra nümayəndəsi və digər müvafiq qurumlara dəfələrlə müraciət olunsa da, hələlik heç bir müsbət nəticə yoxdur. Sakinlər problemin əsas səbəbini suvarma suyunun kanallara kifayət qədər verilməməsi ilə əlaqələndirirlər.

Sakinlərlə görüşən "Azərsu"un əməkdaşı Araz Musayev deyib ki, Qazıqumlaq kəndində bir ədəd mobil tipli qurğu quraşdırılıb və gün ərzində 55 bulağa 50 ton içməli su verilir. Əhali arasında içməli su problemi yaşanmır. Sakinlərin şikayəti suvarma suyu ilə bağlıdır.

Ucar rayon Suvarma Sistemləri İdarəsindən isə bildirilib ki, adı çəkilən kənddə "Azərsu"nun xidməti olduğundan, içməli su ilə bağlı problemi bu qurum həll etməlidir: “Biz sakinlərin suvarma suya olan tələbatını maksimum dərəcədə ödəməyə çalışırıq. Yaranmış qıtlıqla  əlaqədar su kəndlərə növbəli şəkildə verilir”. SİTATIN SONU

Zahid Abışov
Devran Əsgərov

Müəllif | Apa.Tv
Apa.tv