Ucqar dağ kəndində yanğın - 3 EV, 6 TÖVLƏ YANDI
Qubanın Qarxun kəndində yanğın baş verib.
APA TV-nin şimal bürosunun məlumatına görə, Rayon mərkəzindən 75 kilometr aralıda yerləşən Qarxun kəndindəki yanğın ot tayasından başlayıb.
Qısa zamanda genişlənən alov yaxınlıqdakı evlərə keçib. Nəticədə 100 və 80 kvadratmetr olan iki ədəd ev, sahəsi 100 kvadratmetr olan digər evin 30 kvadratı, eləcə də ümumi sahəsi 120 kvadratmetr olan 6 tövlə və 4 ot tayası yanıb.
Alovun söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti ilə yanaşı Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal Regional Mərkəzi, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri hadisə yerinə cəlb olunub.
Görülən tədbirlər nəticəsində ətrafdakı evlər, tövlə və ot tayaları yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.
Hadisə yerinə baş çəkən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev yanğın zamanı zərərçəkən ailələrə yardım ediləcəyini bildirib.