Udilər Laçındakı "Ağoğlan" monastırında Pasxa bayramını qeyd edib

Bu gün Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri Ermənistanın işğalından azad olunan Laçın rayonundakı "Ağoğlan" monastırını ziyarət ediblər.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Azərbaycan Alban-udi dini icmasının nümayəndələri burada Pasxa bayramını qeyd ediblər.

 

İcma nümayəndələri tərəfindən monastrda Xristian dini ilə bağlı ayinlər icra olunub, udi dilində liturgiya səslənib, kilsədə şamlar yandırılıb.

 

Səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.

 

Qeyd edək ki, Ağoğlan monastırı Ağoğlan çayının sahilində, Laçın şəhərinə yaxın ərazidə Kosalar kəndində yerləşən V-VI əsrlərə aid bazilikadır. Monastırın Azərbaycan dilli ədəbiyyatda istifadə edilən adı - Ağoğlan monastırı - abidə yaxınlığından keçən kiçik dağ çayının adı ilə əlaqəlidir Laçın rayonu 28 il işğal altında qaldığı müddətdə isə ermənilər bu monastırı da özününküləşdirməyə çalışıb, hətta adını dəyişib "Sisernavank" qoyublar. Monastırın divarlarında tarixi-dini abidənin guya ermənilərə məxsus olduğunu əks etdirən daş kitabələr yerləşdirilib. Ermənilər ərazini tərk edəndə isə yenə monastırda quraşdırılan şamdanları və bəzi tarixi materialları yox edərək ərazini tərk ediblər.

Müəllif | Apa.Tv
Apa.tv