Ukrayna Ali Radasının nümayəndə heyəti Gəncəyə səfər edib

Ukrayna Ali Radasının nümayəndə  heyətinin üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulmasın birinci ildönümü ilə bağlı həmin hadisə nəticəsində dağılan ərazilərə baş çəkib, günahsız mülki insanlara qarşı həyata keçirilmiş erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olublar.

APA TV xəbər verir ki, Azərbaycan Ukrayna Parlamentlərarasi əməkdaşlıq qrupunun  üzvü Anar Məmmədov, Ukrayna-Azərbaycan Parlamentlərarası işçi qrupunun Ali Radadakı həmsədri Valeri Kolyux və Ukrayna-Azərbaycan parlamentlərarası həmsədri, deputat Vladimir Kredenko erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb. Sonra Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 127 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Gəncə terroru ilə tanış olan  Ukrayna Ali Radasının nümayəndə  heyətinin üzvləri Qarabağın azad edilməsi zamanı Gəncədə törədilmiş cinayətlər Azərbaycanı təxribata çəkmək cəhdi olduğunu bildirib.

 

“Biz çox şadıq ki, Azərbaycan müstəqilliyinin bərpasının 30-cu il dönümü ərəfəsində öz ərazi bütövlüyünü bərpa etdi. Müharibənin gedişini diqqətlə izləyirdik. Ermənilər bu etdikləri əməllə Azərbaycanı təhrik etməyə çalışırdılar ki, Azərbaycan da eyni addımı atsın. Artıq müharibə bitib və biz inanırıq ki, tezliklə çiçəklənən və yeni infrastrukturu olan Qarabağ görəcəyik”.

 

“Dağılmış evləri gördük, mülki əhalinin həlak olduğu dedilər. Ərazi bütövlüyünü bərpa etmək asan iş deyil, ancaq bu yolda belə mülki əhalinin həlak olması yolverilməzdir. Evlər bərpa olunacaq, ancaq insanları yenidən həyata qaytarmaq mümkün deyil. Bu yolda həlak olanların işıqlı xatirəsi qəlbimizdə yaşayacaq”.

Ukrayna ali radasının Ukrayna Azərbaycan dostluq qrupun nümayəndələri gördüklərindən təəssüf duyduqlarını, həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini və ölkəmizin bu istiqamətdə əldə etdiyi uğurlara sevindiklərini bildirdilər.

Müəllif | Apa.Tv
Apa.tv