Ukrayna iddia edir, Rusiya isə təkzib edir: Dəmir yolu stansiyasını kim vurub?
Aprelin 8-də Rusiyanın Donetsk vilayətinin Kramatorsk dəmir yolu stansiyasına raket hücumu həyata keçirməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil.
APA TV-nin Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
“Kiyev millətçi rejiminin nümayəndələrinin Rusiya tərəfindən aprelin 8-də Kramatorsk şəhərindəki dəmir yolu vağzalına həyata keçirdiyi iddia edilən "raket hücumu" ilə bağlı bütün bəyanatlar təxribatdır və həqiqətə uyğun deyil. Rusiya Silahlı Qüvvələrinin aprelin 8-də Kramatorsk şəhərində hər hansı atəş tapşırığı olmayıb və planlaşdırılmayıb”, - deyə Rusiya MN-in məlumatında qeyd olunub.
Rusiya MN-dən o da bildirilib ki, fraqmentləri Kramatorsk dəmir yolu stansiyası yaxınlığında aşkarlanan və hadisə şahidləri tərəfindən dərc edilən “Toçka-U” taktiki raketlərindən yalnız Ukrayna hərbçiləri istifadə edir.
Qeyd edək ki, Ukrayna tərəfi Rusiyanın raket hücumu nəticəsində 30 nəfərin həlak olduğu, 100-dən çox insanın yaralandığı barədə məlumat yayıb.