Ukrayna ilk saatlarda niyə güclü müqavimət göstərmədi? / Rusiya-Ukrayna savaşı

Əksər Qərb KİV-ləri iddia edir ki, Rusiya Ukraynanı 24 saat içində təslimiyyətə məcbur etməyi planlaşdırıbmış. Məhz buna görə də, müharibənin ilk günündə Ukraynanın içlərinə doğru sürətlə irəliləyib. Rusiya ordusunun ilk saatlarda güclü müqavimətlə rastlaşmaması isə ilk saatlarda Ukrayna müdafiə qüvvələrinin zəifliyi ilə əlaqələndirilirdi. Amma indi yeni versiyalar səsləndirilir. Bu versiyalardan biri də ilk saatlarda güclü müqavimət göstərməməyin əslində Ukrayna ordusu tərəfindən gerçəkləşdirilən hərbi taktika olması ilə bağlıdır.

 

Bəs bu həqiqətən də hərbi taktika idimi?

 

Hərbi ekspert Ədalət Verdiyevin fikrincə, Rusiyanın Xarkov və Kiyev şəhərlərini tez bir müddətdə ələ keçirmək niyyəti olub. Ancaq Ukraynanın bir neçə şəhəri qısa vaxtda geri qaytarması rəsmi Moskvanın asanlıqla uğurlu nəticələr əldə etməsinin mümkünsüzlüyünü dünyaya nümayiş etdirdi: “Biz burada xarici yardımları nəzərə almalıyıq. Əgər Rusiya Belarus ərazisindən istifadə edirsə, belə demək olar ki, Ukrayna KTMT kimi bir bloka qarşı mübarizə aparır. Baxmayaraq ki, təkcə Rusiyanın hərbi potensilı üstünlük təşkil edir. Proqnozlarımız belədir ki, əgər yaxın bir həftə ərzində Ukrayna üçün zəruri olan hava hücumundan müdafiə vasitələri çatdırılarsa, o zaman Rusiyanın irəliləməsi mümkünsüz olacaq. Üstəlik Rusiya ordusu bəzi ərazilərdən çıxarılacaq.”

 

Şəhəriçi əməliyyatlarla bağlı səslənən iddialar gəlincə isə hərbi ekspert qeyd edib ki, bu fikir gerçəkliklə uyğunluq təşkil etmir: “Döyüş əməliyyatları ölkənin Qərbi istisna olmaqla digər üç istiqamətində davam edir. Əgər belə bir məqsəd olardısa, Ukrayna o zaman Rusiya qüvvələrini yalnız bir istiqamətdə özünə sərfəlik olan ərazi buraxardı. Lakin görünür ki, Rusiya qoşunları üç istiqamətdə hücuma keçib”.

 

Hərbi ekspert onu da əlavə edib ki, döyüşlərdə Rusiya tərəfi ciddi itkilər verməkdədir və buna maliyyə sanksiyalarını əlavə etsək, gələcəkdə ölkənin vəziyyətinin heç də yaxşı olmayacağını demək olar.

 

Fuad Sadıqov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv