Ukrayna təyyarəsi Tehranda qəzaya uğradı - 180 NƏFƏR ÖLDÜ

Göyərtəsində 180 sərnişin olan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi “texniki nasazlıq” səbəbindən Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb.

APA TV-nin xəbərinə görə, bu barədə "Reuters" məlumat yayıb.

 

Hadisə barədə xəbəri hava limanının rəhbərliyi də təsdiqləyib. Bildirilib ki, göyərtəsində 180 nəfər olan təyyarə uçuşdan sonra qəzaya uğrayıb. Qəza nəticəsində sərnişinlərin hamısı həyatını itirib.

 

Tehranın İmam Xomeyni Aeroportunun rəsmi nümayəndəsi İRNA agentliyinə bildirib ki, qəzaya təyyarənin mühərrikinin alışması səbəb olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva APA-ya bildirib ki, baş vermiş təyyarə qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı nazirliyə məlumat daxil olmayıb. Məsələ Azərbaycanın İrandakı səfirliyi tərəfindən nəzarətdə saxlanılır.

Müəllif | Apa.Tv
Apa.tv