Ukraynada son durum: Soydaşlarımız danışır

Ukraynada vəziyyət gərgin olaraq qalır. Yerli medianın verdiyi xəbərə görə, ölkənin böyük şəhərlərində əhalinin evakuasiyasına da başlanılıb. Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu soydaşlarımıza silahlı qüvvələrin cəmləşdiyi bölgələrə getməməyə və hərbi obyektlərdən uzaq durmağa çağırıb. Hazırda Azərbaycanın Xarkov şəhərindəki konsulluğunun bütün əməkdaşları öz iş yerlərindədirlər. Konsulluq vəziyyətin inkişafını diqqətlə izləyir və eyni zamanda Azərbaycan vətəndaşlarının Xarkovdan necə təxliyə oluna biləcəyini nəzərdən keçirilir.

 

Xarkovda yaşayan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli APA TV-yə şəhərdəki vəziyyətlə bağlı məlumat verib: “Hal Hazırda Xarkovda artilleriya səsləri eşidilməyə başlayıb. Vətəndaşlar təşviş içərisindədir. Mümkün qədər camaat şəhərdən kənara çıxırlar. Xəbərlər var ki, Rusiya tankların şəhərin kənarında yerləşiblər. Şəhərin bəzi səmtlərin elektrikin verilişi dayandırılıb. Xarkovdakı Fəxri Konsulluq azərbaycanlı tələbələrin vəziyyəti ilə maraqlanır. Bildirilib ki, yaşadıqları yerləri tərk etməsinlər”. 

 

Kiyevdə yaşayan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Baş katibi Xəyyam Həqiqətoğlu da əhali arasında təşviş yarandığını, bəzi insanların Lvov şəhərinə köçdüyünü söyləyib: “Nəzərə alsaq ki, Lvov şəhəri Polşa ilə sərhəddədir. Ora gedənlər Avropa qaçmağa çalışırlçar. Düşünürəm vəziyyət birazdan sakitləşəcək. Səhər saatlarından Ukrayna prezidenti bir neçəı dəfə əhaliyə müraciət etdi. Bütün rəsmi orqanlardan təmkinli olmağa, panikaya düşməməyə çağırış edib”.

 

Xəyyam Həqiqətoğlu onu da əlavə edib ki, şəhərdə mülki vətəndaşların yaşayış yerləri hədəfə alınmır.

 

Fuad Sadıqov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv