Ukraynanın Baş Naziri istefa verdi - SƏS YAZISI QALMAQALI
Ukraynanın Baş Naziri Aleksey Qonçaruk istefa ərizəsi yazıb.
APA TV-nin xəbərinə görə, bu barədə o, özünün “Facebook” səhifəsində bildirib.
O qeyd edib ki, Ali Radada baxılması üçün istefa ərizəsini Ukrayna Prezidenti Vladimir Zelenskiyə təqdim edib.
Aleksey Qonçaruk özünün “Facebook” səhifəsində istefa ərizəsi yazmağının səbəblərini açıqlayıb. Bildirib ki, son dörd ay ərzində Prezident və komandası çox çalışıb, müxtəlif cəbhələrdə uğurlar əldə olunub: “Əsas problem nəhayət dövlət sektorundakı korrupsiyanı aradan qaldırmaqdır. Komandamız layiqli insanlardan ibarətdir. Hökumətin ən üst səviyyəsində korrupsiya yoxdur. Təəssüf ki, bir neçə ay ərzində on illər ərzində qurulmuş cinayət sxemlərini məhv etmək olduqca çətindir. Son günlər hamınız hökumətdəki iclas qeydlərinin fraqmentlərindən yığılmış səs yazısı ətrafında baş verən hadisələrin şahidi oldunuz. Onların məzmunu sünidir. Səs yazısından belə başa düşülür ki, guya mən və komandam liderimiz olan Prezidentə hörmət etmirik. Maliyyə axınlarına çıxış əldə etmək istəyən bir çox təsir qrupları bundan faydalanmaq istəyir. Ancaq bu, doğru deyil. Mən Prezidentin proqramını yerinə yetirmək üçün gəldim. O, mənim üçün açıqlıq və dürüstlük nümunəsidir. Prezidentə olan hörmət və güvənimi şübhə altına almamaq üçün istefa ərizəsi yazdım”, - deyə o, qeyd edib.
Xatırladaq ki, A.Qonçaruk ötən ilin avqust ayında Ukraynanın Baş Naziri seçilib. Dekabrın 16-da o, Milli Bankdan olan yüksək vəzifəli şəxslər və bir neçə nazirlə qeyri-rəsmi görüş keçirib. Hökumətin saytı rəsmi şəxslərin son valyuta dəyişikliyini müzakirə etmək üçün toplandığını yazıb. Bir müddət sonra bu iclasla bağlı səs yazısı yayılıb. Səs yazısında A.Qonçarukun “Prezident Zelenski iqtisadiyyat haqqında çox primitiv anlayışa sahibdir” ifadəsi eşidilir. A.Qonçaruk və iclasın digər iştirakçıları səs yazısının həqiqiliyini nə təsdiq, nə də inkar ediblər.