Ukraynanın Derqaç və Peçeneq şəhərləri uğrunda ağır döyüşlər gedir

Ukrayna Ordusu və yerli ərazi batalyonları Rusiya Ordusu ilə Xarkov vilayətində ağır döyüşlər aparır.

 

APA TV xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının sədri Oleq Sinequbov açıqlama verib.

 

O, vilayətin Peçeneq və Derqaç şəhərləri uğrunda döyüşlərin davam etdiyini söyləyib.

 

Sinequbov döyüşlərdə 7 hərbçinin yaralandığını əlavə edib.

 

Unian.net saytı isə Rusiya tanklarının İvankov şəhərindən Kiyevə doğru irəlilədiyi barədə məlumat yayıb.

 

Ukrayna hərbçiləri Rusiya Ordusunun hücumunu ləngitmək üçün Demidov kəndi yaxınlığındakı körpünü partladıb. Rusiya texnikasının hücum marşrutunu dəyişərək Kiyevin 7 kilometrliyində yerləşən Qostomel aerodromuna hərəkət etdiyi əlavə olunub. Hazırda Kiyevə hava həyəcanın elan olduğu bildirilib.

 

Bu arada “Hürriyet” qəzeti Ukrayna Bosfor və Dardanel boğazlarından Rusiya hərbi gəmilərinin keçidinin bağlanması üçün Türkiyəyə rəsmi müraciət etdiyi barədə xəbər yayıb.

 

Qəzetin yazdığına görə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin boğazları hərbi gəmilər üçün bağlaya biləcəyini açıqlasa da, bununla belə, Rusiya donanmasının öz bazasına qayıtmaq üçün boğazlardan keçmək hüququnun qalacağını bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv