Ulu Öndər Heydər Əliyevin vəfatından 18 il ötür
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 18 il keçir.
APA TV-nin məlumatına görə, Ümummilli Liderin xatirəsi Azərbaycanda, o cümlədən xarici ölkələrdə ehtiramla yad edilir.
Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib, SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
Sağlam təfəkkürlü hər bir Azərbaycan vətəndaşı yaxşı dərk edir ki, ölkəmizin müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən həmin anda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, nəinki bugünkü qüdrətli Azərbaycan olmazdı, ümumiyyətlə, onun mövcudluğu şübhə altına düşə bilərdi. Dahi lider ölkəni böhran vəziyyətindən, müstəqilliyini itirmək təhlükəsindən xilas etmək üçün müdrik siyasəti ilə qısa müddət ərzində vətəndaş qarşıdurmasının və müharibənin dayandırılmasına nail olmaqla, Azərbaycanda sabitliyin bərpasını təmin edir ki, bu da böyük islahatların başlanmasına rəvac verir.
Beləliklə də, ölkəsini olduqca ağır vəziyyətdən yüksək məharətlə çıxaran ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə bütün sahələrdə islahatlar həyata keçirilməyə başlanılır.
Məhz ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.
1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində Heydər Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina edib.
Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
Məhz Ümummilli liderin hakimiyyəti dövründə bütün sahələrdə olduğu kimi Ordu quruculuğunda da ciddi islahatlar başladı. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern ordusuyla da diqqəti cəlb edir.
Məhz bu uzaqgörənlik sayəsində Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi. Və o Ordu 30 ildən sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında işğalda olan torpaqlarımızı azad etdi. Qarabağımızın azad olunmasının ən həssas məqamı isə qədim tarixi mədəniyyət irsimiz Şuşanın düşmən tapdağından azad edilməsi oldu. Cənab Ali Baş Komandan İlham Əliyevin Şuşamızın azad olunması ilə bağlı dediyi fikirləri isə hər bir azərbaycanlının qəlbini riqqətə gətirdi: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Göründüyü kimi, “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” – deyən ulu öndər Heydər Əliyev təkcə öz həyatını dövlətinə və millətinə fəda etməklə kifayətlənməmiş, həm də Azərbaycan üçün ömrünü Vətəninə və xalqına həsr edən Prezident İlham Əliyev kimi nəhəng tarixi şəxsiyyət yetişdirib.
Bütün bu xidmətlərinə görə, qədirbilən Azərbaycan xalqı Vətəni və milləti qarşısındakı bənzərsiz xidmətləri ilə “Dünyanın ən böyük azərbaycanlısı” adını qazanmış nəhəng tarixi şəxsiyyət Heydər Əliyevi hər zaman yüksək ehtiramla xatırlayacaq, onun əziz və unudulmaz xatirəsini daim xüsusi hörmətlə yad edəcəkdir.