Ülvi Mehdiyev: “Bir gündə "ASAN Xidmət"də 408 nikah qeydə alınır”
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən 526 tikinti obyektində yoxlamalar aparılıb. Nəticədə 43 qayda pozuntusu aşkarlanıb.
APA TV-nin xəbərinə görə, bunu Agentlik sədri Ülvi Mehdiyev ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qayda pozuntusu edən 47 şirkət 454 min manat məbləğində cərimələnib: “İndiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 171 səyyar monitorinq həyata keçirilib. Bunlardan 67-si 2019-cu ildə baş tutub. Eyni zamanda monitorinq edilmiş işçilərin sayı 6666 olub ki, onlardan da 2661-i 2019-cu ildə olub. Bununla yanaşı, monitorinq edilmiş işəgötürənlərin sayı 318 olub ki, onlardan da 116-sı 2019-cu ildə edilib”.
2019-cu il ərzində “ASAN Xidmət”ə 9 milyondan çox müraciətin daxil olduğunu deyən Ülvi Mehdiyev onu da bildirib ki, “ASAN Xidmət”ə fəaliyyət göstərdiyi 7 il ərzində 6 500 000-dən çox vətəndaş tərəfindən 35 410 334 müraciət daxil olub. Bu isə hər vətəndaşın ən azı 5 dəfə "ASAN Xidmət"ə müraciət etməsi deməkdir.
Agentlik sədri müraciətlərin ən çox şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı olduğunu deyib: “Bir gün ərzində "ASAN Xidmət"də 3718 nəfərə şəxsiyyət vəsiqəsi verilir. Eyni zamanda bir gün ərzində "ASAN Xidmət"də 408 nikah qeydə alınır. 2019-cu il ərzində 920 000-dən çox “ASAN Viza” verilib”.
2020-ci ildə 6 "ASAN Xidmət" və bir "ASAN Kommunal" mərkəzinin açılmasının gözlənildiyini deyən sədr yeni mərkəzlərin Tovuz, Balakən, Kürdəmir, Ağcabədi rayonlarında, eyni zamanda əlavə olaraq Bakı və Sumqayıtda açılacağını bildirib.