Ülvi Mehdiyev: “Eyni gündə hər 2 SMS kodundan istifadə etmək mümkündür”

“Dünən daha 438 nəfərin koronavirusa yoluxması qeydə alındı və bu, indiyə qədər sutka ərzində qeydə alınan ən yüksək göstəricidir”.

 

APA TV-nin xəbərinə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

 

Onun sözlərinə görə, aktiv xəstələrin sayı 5 min 299 nəfərə, ümumi yoluxanların sayı 11 min 767 nəfərə çatıb: “Biz iki həftə ərzində həftəsonu qapanmalarla bağlı gözlədiyimiz nəticəni ala bilmədik, tam əks nəticəni gördük. Biz istəyirik ki, sosial aktivliyi, bir yerə toplanmanı azaldaq. Bu gün hər bir vətəndaş infeksiya mənbəyi ola bilər, virus tənəffüs yolu ilə yayılır. Bu gün xəstəliyin peyvəndi, spesifik müdaxiləsi yoxdur”

 

Bu gün koronavirusu müalicə edən dərmanın olmadığını deyən TƏBİB rəsmisi qeyd edib ki, bunları nəzərə alıb maska və sosial məsafə ilə bağlı tələblərə riayət etmək vacibdir.

 

Gürcüstanda yoluxmanın Azərbaycanla nisbətdə az olmasına münasibət bildirən Yaqut Qarayeva qeyd edib ki, hər həftə müxtəlif ölkələrlə təcrübə mübadiləsi aparılır: “Elə qayda yoxdur ki, bir ölkədə qəbul edilsin, biz tətbiq etməyək. Burada əsas vətəndaş məsuliyyətidir. Eyni zamanda, əhali sıxlığı məsələsini də nəzərə almaq lazımdır. Hər ölkənin öz təcrübəsi var”.

 

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev isə deyib ki, sabahdan tətbiq olunacaq iki həftəlik xüsusi karantin rejimi zamanı vətəndaşlar yaşayış yerini yalnız zəruri ehtiyaclar üçün SMS xidmətinə müvafiq kodları yazaraq tərk edə bilərlər: “Nazirlər Kabinetinin qərarında iki zidd məsələ uzlaşdırılıb. Yəni vətəndaşların yaşayış yerini maksimum tərk etməməsindən və zəruri ehtiyaclar üçün çıxmasından söhbət gedir. Zəruri ehtiyaclar üçün insanlar SMS-lə 2 saat müddətində yaşayış yerini tərk edə biləcəklər. Tibb müəssisəsinə getməklə bağlı icazə 2 saat müddətinə veriləcək, müalicə 2 saatı keçəcəksə, tibb müəssisəsindən arayışı əsasında evə qayıda biləcəklər.  Əgər vətəndaş ASAN-da, yaxud bankda xidmət üçün 2 kodu ilə çıxıbsa və 2 saata geri qayıda bilmirsə, həmin qurumların arayışı ilə də geri qayıda bilərlər”.

 

Ülvi Mehdiyev onu da əlavə edib ki, iki həftə ərzində həyata keçiriləcək uçuşlar zamanı sərnişinlər sərhəd xidmətindən keçərkən onların pasportlarına ştamp vurulacaq və bununla da həmin şəxslər aeroportdan rahat evə gedə biləcəklər. Ölkə daxili uçuşlar zamanı da insanlar bilet əsasında hava limanına gedə və evə qayıda biləcəklər.

 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə deyib ki, karantin rejiminin sərtləşdirilməsi xəbərini alan bir sıra şəxslər artıq ikinci gündür ki, rayonlara getməyə cəhd edirlər: “Dünən axşam 5 minə qədər avtomobil geri qaytarılıb. Həmin avtomobillərdən 4000-i Bakı, 1000-i isə rayon istiqamətində geri qaytarılıb. Həmin insanlar buna cəhd etməsinlər. İnsanlar DİN-in “qaynar xətti”nə zəng vuraraq buraxılıb-buraxılmayacaqlarını öyrənməlidirlər. Hətta vətəndaşların icazəsi varsa belə onlar mübahisə yaratmasınlar. Vətəndaşlar “102” və digər nömrələrə zəng edə bilərlər. Müraciət araşdırılacaq və icazə varsa, hərəkətə imkan yaradılacaq”.

 

Kimsə torpaq yolla rayona getmək istəyirsə, bir postdan keçirsə, əgər həmin avtomobil növbəti mərhələdəki postda görünmürsə, bu, karantin rejiminin pozulması kimi qiymətləndiriləcək. DİN rəsmisi onu da diqqətə çatdırdı ki, bundan sonra rayonlara torpaq yolla getmək istəyənləri aşkarlamaq üçün texniki vasitələrdən də istifadə olunacaq.

 

Polis polkovniki bir rayondan digər rayonda yerləşən tibb müəssisəsinə getmək istəyən şəxslərlə bağlı da məsələyə münasibət bildirib: “Bir rayondan digər rayondakı hansısa tibb müəssisəsinə tibbi arayışla getmək mümkün olacaq. İyunun 18-də 200-ə yaxın şəxs tibbi arayışla Bakıya gəlib. Ən çox Siyəzən rayonundan arayış verilir. Yaxşı olar ki, arayışı verən tibb müəssisəsinin adı da qeyd edilsin”.

 

Kamran Əliyev bildirib ki, yollarda insanların hərarətinin ölçülməsi postlarda da mümkündür, lakin  bu, daha çox həkimlər tərəfindən həyata keçirilsə, yaxşı olar.

 

İlahə Vəliyeva,

Musa Qulammirzəyev

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv