Ülvi Mehdiyev: “Ötən ilə qədər şəhid olanların ailələrinə və qazilərə də yardım ediləcək”

“Bu günə qədər “YAŞAT” Fonduna toplanan ümumi vəsait 24 804 936. 86 manatdır. Bu məbləğin 15 036 831. 70 manatı fiziki şəxslər, 9 768 105. 16 manatı hüquqi şəxslər tərəfindən ödənilib. Xərclənən vəsait isə 883 278.49 manatdır”.

 

APA TV-nin xəbərinə görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

 

Onun sözlərinə görə, 8 dekabr tarixində ölkə Prezidentinin sərəncamı ilə şəhid ailələri və Qarabağ qazilərinə dəstək üçün “YAŞAT” Fondu yaradılıb. Bu kateqoriyadan olanlar üçün ciddi layihələr, müavinət və təqaüdlər var: “YAŞAT” Fondunun yashat.gov.az portalı da istifadəyə verilib. Portalın məqsədi Fonda müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığı təmin etmək, ianə etmək imkanlarını daha da genişləndirməkdir.

 

Fond nümayəndələrinin artıq 2706 şəhidin və 81 yaralının 11 mindən çox ailə üzvü ilə görüşdüyünü deyən Agentlik sədri onu da bildirib ki, görüşülən şəxslərin problemləri təhlil olunub, onlardan 1483-ü öhdəliyə götürülüb.

 

Bu günə qədər “YAŞAT” Fonduna ən çox müraciət mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı olub. Eyni zamanda, tibbi xərclərin ödənməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənməsi də müraciətlər arasında ön sırada yer alır:   “Fond tərəfindən müəyyən məbləğ ödənildikdən sonra həmin vəsaitin təyinatı üzrə xərclənilməsinə nəzarət etmək üçün 3 aydan sonra həmin ailələrlə yenidən görüşəcəyik ki, onların həmin problemi həll olunubmu".

 

Ülvi Mehdiyev onu da bildirib ki, mart ayından sonra Fond tərəfindən 2020-ci ilə qədər şəhid olanların ailələri və Qarabağ qazilərinə də yardım nəzərdə tutulub.

 

Fondun 8110 “Çağrı” Mərkəzi də artıq fəaliyyət göstərir ki, bura həm yardıma ehtiyacı olan şəhid ailələri və Vətən müharibəsində əlil olan şəxslərin ailələri müraciət edə bilər. Eyni zamanda, bütün mobil operatorlardan 8110 qısa nömrəsinə SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə etmək mümkündür.

 

Yeri gəlmişkən qeyd edək ki, bu gün Qarabağ qazisi Elvin Hüseynov "YAŞAT" Fonduna rəhbər, "ASAN məktub" layihəsinin rəhbəri Rəbiyyə Cəfərova isə Fondun müdir müavini təyin olunub.

 

İlahə Vəliyeva,

Faiq Həsənov,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv