Umayra Tağıyeva: “Yanvarda şaxtalı havalar...”

Azərbaycanda hava anomal isti keçir. Qeydə alınan hava temperaturu daha çox oktyabrın sonu, noyabrın birinci ongünlüyü üçün səciyyəvidir".

APA TV-nin məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva havanın orta temperaturunun çoxillik normadan 3-4 dərəcə yuxarı olduğunu deyib: "Bu ay ən yüksək temperatur dekabrın 24-də 15,4 dərəcə olub ki, bu da iqlim normasından 6,2 dərəcə yüksəkdir. Bununla yanaşı, son 20 ildə 2003-cü ilin 18 dekabr tarixində 22,5 dərəcə qeydə alınıb, bu da rekord göstəricidir".

Umayra Tağıyeva bildirib ki, şaxtalı, qarlı günlərin sayının azalması ölkənin dağlıq ərazilərində dağ çaylarını qidalandıran çaylarda su ehtiyatının azalmasına səbəb olur. Onun sözlərinə görə, son 10 ildə ölkədə əsas dağ çaylarının formalaşdığı ərazilərdə  yağıntıların miqdarı orta hesabla 8,7 faiz azalıb: “Yanvar ayına gəldikdə Ümumdünya Meteorologiya Təşkilatının “Xüsusiləşdirilmiş İqlim Mərkəzi”ndən verilən məlumatlara əsasən yanvar ayında da müsbət anomaliya təşkil edəcək. Ümumiyyətlə, orta minimal temperatur Bakıda və Abşeron yarımadasında yanvar ayında orta minimal temperatur müsbət 2,4 təşkil edəcək. Şaxtalı günlər olduqca az olacaq”.

O qeyd edib ki, çoxillik norma ilə müqayisədə yağıntının miqdarı da az olub, yalnız Abşeron yarımadasında yağıntının miqdarı iqlim normasına yaxın olub.

Ölkəyə gətirilən yeni radarlarla bağlı departament direktoru deyib ki, bu radarlar vasitəsilə hava haqqında məlumatlar gün ərzində daha tez-tez yenilənəcək, məlumatlar daha operativ olacaq. Lakin əvvəlcə bu radarlarla işləmək üçün mütəxəssislərin maarifləndirilməsi məqsədilə 1 aylıq kurslar təşkil ediləcək: “Dövlət investisiyaları çərçivəsində ölkəyə ABŞ istehsalı olan 2 DOPLER radarı gətirilib. Hazırda quraşdırılma işləri aparılır. Bir radar Şamaxıda, digəri Göygöl ərazisində yerləşdiriləcək. Gələn ilin birinci yarısında artıq bu yeni avadanlıq istismara veriləcək”.

U.Tağıyeva deyib ki, radarların alınması prosesi 2023-cü ilədək davam edəcək.

Səfər Əlizadə, Musa Qulammirzəyev APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv