UNEC-də "Smart tələbə kartı" layihəsinin icrasına başlanılıb

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Smart tələbə kartı" layihəsinin icrasına başlanılıb.

APA TV-nin məlumatına görə, Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Mərkəzi Bankı (AMB) və Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə "Smart tələbə kartı" layihəsi ilə bağlı universitetin konfrans zalında təqdimat mərasimi təşkil olunub.

Universitetin rektoru Ədalət Muradov "Smart tələbə kartı" layihəsinin elektron təhsil modelinə böyük töhfə verəcəyi bildirib: “İlk dəfə olaraq tələbə smart kartının təqdimatını keçiririk. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri smart kartlarla təmin olunacaqlar. Biz UNEC-də təhsilin keyfiyyətini qaldırmaq üçün elektron universitet modelini reallaşdırdıq. Bu gün sözün həqiqi mənasında universitetimizdə elektron universitet modeli tətbiq edilir və bunu qürurla qeyd etmək istəyirəm ki, bu model uğurla tətbiq edilir”.

Təqdimatda qeyd olunub ki, tələbələr sözügedən smart kartlar vasitəsilə təqaüdlərini ala biləcək, ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişlərini həyata keçirə biləcəklər. Həmçinin regionda yaşayan valideynlər övladlarına asan şəkildə pul göndərə biləcəklər. Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Alim Quliyev bu layihəsinin digər ali təhsil ocaqlarında da tətbiq ediləcəyini bildirib: "Bu proqramın ən mühüm prioritetlərindən biri də təhsil ocaqlarının və tələbələrin nağdsız ödəniş cəmiyyətinə transformasiyasının həyata keçirilməsidir. Hesab edirəm ki, qarşıdakı Dövlət Proqramının icrası müddətində biz bu tədbirlərin həyata keçirilməsini tamamlayacağıq".

Xatırladaq ki, "Smart tələbə kartı" layihəsi “Kapital Bank” və “MasterCard”ın dəstəyi ilə həyata keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv