18:38 22 iyun 2022 305
Ana səhifə Xəbərlər

Unluq buğdanı niyə xaricdən daşıyırıq? - APA TV

Ölkəmizdə ərzaqlıq buğdaya tələbat çoxdur. Lakin yerli istehsal bu tələbatı tam olaraq ödəmir. Hazırda Azərbaycanda ərzaqlıq buğdanın çox hissəsi xaricdən, əsasən də Rusiya və Qazaxıstandan idxal edilir. Bəs bu sahədə istehsal niyə təlabatı ödəmir? Fermerlərin, əkinçilərin qarşısında hansı əngəllər var? 

 

İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, buğda idxalında asılılığın olması bilavasitə keyfiyyət göstəriciləri ilə bağlıdır: “Bizim istehsalda olan buğdanın ərzaqlıq buğda olmaması , digər təyinatlar üzrə istifadə olunması ərzaqlıq buğdanın idxalını aktual edir. Hazırda idxalda asılılığımızın əsas səbəbi  bizim ərzaqlıq buğdanı yetişdirə bilməməyimizdir. Həcm olaraq 1.8 milyon tondan artıq  buğda istehsal edirik ərzaqlıq buğda tələbatımız da təxminən bu qədərdir. Amma lazım olan ərzaqlıq buğda bizim tərəfimizdən istehsal olunmadığından biz kənardan almalı oluruq”.

 

Araşdırmaçı jurnalist Elçin Bayramlının sözlərinə görə, bölgələrimizdə geniş ərazilərdə taxıl əkilsə də, illərdir bu ehtiyacımız Rusiya, Qazaxıstan və Ukraynadan idxal edilən buğdanın hesabına baş verir, lakin biz  buğda istehsalını 3 milyon tona qaldıra bilərik: “Maneə yaradan səbəblər də suvarmadır, dərman və gübrədən düzgün istifadə olunmamasıdır. Dövlətin etdiyi yardımların çatdırılmamasıdır. Mən arzu edərdim ki, taxıl fondu yerli buğdanı qəbul etsin nəyin ki, keyfiyyəti əsas gətirərək məhsulu götürməkdən imtina edir. Dövlət subsidiyalar, yanacaq ,gübrə verir. Düzdür, bununla bağlı da problemlər var. Bəzi yerlərdə gübrələr, subsidiyalar vaxtında verilmir. Bu kimi hallar bizim yerli istehsala ziyan vurur. Beləcə bizim idxaldan aslılığımız artır”.

 

Kənd Təsərrüfatı Nazirliyindən isə bildirildi ki, taxıl məhsullarının keyfiyyətinin aşağı olması birbaşa aqrotexniki qulluq qaydalarına düzgün əməl olunmaması ilə bağlıdır. Bununla əlaqədar isə davamlı olaraq fermerlərlə maarifləndirmə işləri aparılır: “Fermerlər arasında məhsuldarlığın artırılması ilə bağlı işin ana xəttini 2 istiqamət təşkil edir. Əkin materialının düzgün seçilməsi, yaxşı sort sertifikatlı toxumdan istifadə olunması və düzgün aqrotexniki qulluq. Şumlama, əkin, suvarma, gübrələmə, dərmanlama işi vaxtında aparılmalıdır. Bununla da fermer daha çox məhsul əldə edəcək, sosial rifahı da yaxşılaşacaq“.

 

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev Azərbaycanda yetişdirilən sortların heç də aşağı keyfiyyətli olmadığını deyir “Ölkəmizdə sortlar iki yolla yaradılır. Hibridləşmə və fərdi seçmə yolu ilə. Bu gün biz institut olaraq bu sualın çözülməsi üçün mütləq molekulyar səviyyədə elmi tədqiqatlar aparmalıyıq. Hazırda elmi tədqiqat işləri gedir. Nəticə etibarı ilə düşünürəm ki, yaxın illər ərzində vegetasiya müddəti qısa olan sortlar yaradılacaq. Bu sortlar əvvəlki illərdə əkilənlərdən keyfiyyət baxımından çox fərqlənəcək”.

 

Hazırda Aqrar Subsidiya Şurasının ötən il qəbul etdiyi qərara əsasən, fermerə buğda və arpa əkilmiş sahənin hər hektarına görə 210 manat subsidiya ödənilir. 

 

Görünən odur ki, bu sahədə xaricdən asılılığı minumuma endirmə şansımız var. Buna ölkəmizin iqlim şərtləri də imkan verir. Bircə qalır çoxillik maneələri, əngəlləri aradan qaldırmaq.

 

Nərmin Murad,

Kamran Namazov,

APA TV

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın