Ünvanlı dövlət sosial yardımları yenidən verilir – KARANTİN HANSI DƏYİŞİKLƏR GƏTİRİB?
Ötən gündən etibarən ünvanlı dövlət sosial yardımı ödənişlərinin verilməsinə başlanılıb.
APA TV-nin xəbərinə görə, aylıq gəliri ölkə üzrə müəyyən edilən ehtiyac meyarından aşağı olan aztəminatlı ailələr üçün nəzərdə tutulan bu ödəniş DSMF tərəfindən karantin rejimi səbəbindən vaxtından əvvəl verilib.
DSMF-nin direktor müavini Səfər Mehdiyev bildirib ki, aprelin 28-də 82300 ailəyə ünvanlı sosial yardımın ödənilməsi təmin edilib: “Həmin ailələr istənilən bankomatlardan və “Azərpoçt”un bankomat və ya POS-terminallarından hər hansı əlavə faiz tutulmadan vəsaitlərini əldə edə bilərlər. Respublika üzrə 2,3 milyon insana 1,5 milyard vəsait ödənilib”.
Səfər Mehdiyevin sözlərinə görə, pandemiya səbəbindən ünvanlı sosial yardımın verilməsi maddi-məişət şəraiti yoxlanılmadan həyata keçirilir. Karantin müddəti uzadılarsa, aprel ayında olduğu kimi, ödənişlərin vaxtından əvvəl həyata keçirilməsi təmin ediləcək.
Ekspertlər hesab edir ki, hazırkı dövrdə ünvanlı dövlət sosial yardımla bağlı prosedur qaydalarının sadələşdirilməsinə və daha da əlçatan olmasına ehtiyac var. İqtisadçı Natiq Cəfərli Pandemiya dövründə sosial-iqtisadi vəziyyətin gərginləşməsi həmin ehtiyacı daha da artırır. Bu səbəbdən sosial müdafiənin verilməsi qaydalarında müəyyən düzəlişlər edilməlidir: “Məsələn, orada bəzi maddələr var ki, şəxsin adına avtomobilin və yaxud istifadə olunmayan torpaq sahəsinin olması onun sosial müavinət almasına maneələr yaradır. Ona görə də daha diferensial yəni, fərdi yanaşmağa ehtiyac var və formal olaraq insanın adında danışar-daşınmaz əmlakın olması kriteriya kimi götürülməməli, araşdırmalar aparılmalıdır. Əgər doğrudan da o torpaq sahəsi əkinə yararsızdırsa, oradan istifadə etmirsə, həmin insanların sosial yardım almağı şansları yaranmalıdır”.
Natiq Cəfərlinin sözlərinə görə, şəxsin adına avtomobil olduğu halda maşını digər şəxs istifadə edirsə, o da ünvanlı dövlət sosial yardım almaq hüququndan məhrum edilir: “Yaxın zamanlara qədər uzunmüddətli etibarnamələr qüvvədə idi. Ola bilər ki, şəxsin 1990-2000-ci illərdə maşını olub və ona avtomobil uzunmüddətli, yəni müddətsiz etibarnamə ilə verilib. İndi onun adına avtomobil olduğu üçün sosial müavinət almaqdan məhrum edilir. Yəni fərdi yanaşmağa, insanlara fərdi münasibət göstərməyə və məsələlərə diferensial yanaşmağa ehtiyac yaranıb. Düşünürəm ki, indiki dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu şəxslərlə bağlı daha həssas davranmalıdır. Qaydaların daha da yumşaldılması və fərdi uçota keçməklə bağlı qərarın olması daha məntiqli olar. Bu zaman vətəndaşların sosial müavinət alma şansı artacaq və onların sayı artacaq. Bundan da çəkinmək lazım deyil”.
Məsələyə Dövlət Sosial Yardım Fondunun direktor müavini Səfər Mehdiyev aydınlıq gətirib: “Şəxsin adında avtonəqliyyat vasitəsi varsa, ona ünvanlı sosial yardım verilməsindən imtina edildiyini deyir. Bildirir ki, əgər avtonəqliyyat şəxsə reabilitasiya vasitəsi kimi verilib və ƏƏSMN tərəfindən təqdim olunubsa, bu halda avtomobil nəzərə alınmır. Lakin bu istiqamətdə müəyyən sadələşdirilmənin həyata keçirilməsi üçün təkliflər verilib və yaxın zamanlarda ünvanlı sosial verilmədə müəyyən sadələşdirmə olacaq”.
O ki qaldı ünvanlı dövlət sosial yardımına müraciət etmək qaydalarına bu vahid elektron müraciət formasında, yəni sosial.gov.az və yaxud e-gov.az-a daxil olaraq və təyinat alt sistemi vasitəsilə həyata keçirilir. Şəxs ailə tərkibi haqqında arayışı notarial qaydada təsdiq etdikdən sonra vahid elektron və müraciət təyinatına daxil edir. Bundan sonra məlumatlar 20-yə yaxın nazirlik, qurum və orqanlar tərəfindən yoxlanılır. Uyğunsuzluq aşkar edilmirsə, şəxsin maddi-məişət şəraitinin yoxlanılması məqsədilə həmin məlumatlar onun qeydiyyatda olduğu DSMF-nin şəhər və rayon şöbəsinə yönləndirilir. Daha sonra müraciət edənin maddi-məişət şəraitinə baxılır. Əgər daxil etdiyi məlumatlarda uyğunsuzluq aşkar edilmirsə, həmin şəxs üzrə təyinat aparılır.
Qeyd edək ki, 2020-ci ilin 1-ci rübündə və 2-ci rübünün əvvəlində ümumilikdə 15 mindən çox insana sosial yardım üzrə təyinat aparılıb. Təxminən 40 min insana isə imtina verilib.
Vətəndaşların müraciət etməsində isə məhdudiyyət yoxdur. İmtina edilərsə, şəxs yenidən müraciət edərək təyinat ala bilər.
Elvin Paşazadə,
Üzeyir Ağayev,
APA TV