Ürəyində güllə daşıyan qazi İsmayıllıda coşqu ilə qarşılandı

İsmayıllıda Vətən Müharibəsi qazisi coşqu ilə qarşılanıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, İsmayıllı rayon Kürdmaşı kənd sakini, 1999-cu il təvəllüdlü Asif Yusif oğlu İsmayılov 6 ay öncə hərbi xidmətini başa vurub.

 

Oktyabrın 5-də könüllü olaraq döyüşlərə yollanan Asif Fizuli, Cəbrayıl, Xocavənd və Şuşa döyüşlərində iştirak edib. Döyüş müddətində fərqləndiyinə görə komandiri tərəfindən ailəsinə təşəkkür məktubu göndərilib.

 

Asif İsmayılov Şuşa döyüşlərində ağır yaralanıb. Mənfur düşmənin gülləsi onun sağ qabırğasını sındıraraq, ağciyərinin üst pərdəsini zədələyib və ürəyin 5 millimetrlik məsafəsində ilişərək qalıb.

 

Bu gün Asif doğum günü münasibətilə hərbi hospitaldan evə buraxılıb. Rayon sakinləri Asifi alqışlarla qarşılayıblar. Qazi əvvəlcə İsmayıllı rayon Şənidlər Xiyabanında uyuyan Vətən övladlarının məzarlarını, daha sonra onunla bir yerdə döyüşərək şəhid olan həmkəndlisi Emin Ağazadənin qəbrini ziyarət edib.

 

Kənd sakinləri onu alqışlarla qarşılayıb, şüarlar səsləndiriblər. Asif İsmayılovun gəlişi münasibətilə yaşadığı evin həyətində qurbanlar kəsilib. Qazimiz bir müddət evdə qaldıqdan sonra müalicəsini davam etdirmək üçün yenidən hərbi hospitala dönəcək.


Şahnəzər Bəşirov

 

 

Müəllif | Apa.Tv
Apa.tv