Uşaq bağçasında ipək qurdu saxlanılır

Zərdab rayonunun uşaq bağçasında ipək qurdu saxlanılır.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, rayonun Məlikli kənd sakinləri kəndə yaranmış sosial problemlərin əlindən zara gəliblər.  

 

Camaat deyir ki, yolumuz bərbad vəziyyətdə, xəstəmiz olanda təcili yardım kəndə gəlməkdən imtina edir, taksilər kəndə girmir, gələndə də çox baha gəlir, maşınlarımız sıradan çıxır. Hələ bu da azmış kimi keçən ildən kənd bağçası fəaliyyətini dayandırıb, indi orda ipək qurdu yetişdirirlər. Bunları eşidəndə biz də sizin kimi bilmədik gülək, ya ağlayaq. Amma biçarə sakinlər sözlərinə davam edərkən dedilər ki, su və internetlə bağlı da problemlər yaşayırlar. Elə bil bu kənd allahın da yadından çıxıb.

 

Məlikli kənd bələdiyyə sədri Mirdamət Abbasov bərbad vəziyyətdə olan yolun Zərdab rayon yol istismar idarəsinin balansında olduğunu bildirdi.  

 

Zərdab rayon yol istismar idarəsinin müdiri Güloğlan Əliyev isə şifahi olaraq bildirdi ki, Məlikli kəndində yalnız 3 kilometr yol bizim balansımızdadır. Vəziyyətdən də xəbərdarıq. Rayonun bir neçə ərazisində yollarda təmir-bərpa işləri aparılıb. Adı çəkilən ərazi layihəyə salınıb. Növbəli şəkildə layihəyə salınan bütün yollarda bərpa işləri aparılacaq deyə idarə rəhbəri qeyd etdi. 

 

Üç kilometrdən əlavə Məlikli kəndinin bərbad vəziyyətdə olan bir neçə kilometr yolunun hansı təşkilatın balansında olması isə məlum deyil. 

  

Bağça ilə bağlı məsələyə münasibət bildirən Zərdab rayon təhsil şöbəsinin müdiri Gülağa İsgəndərov  qeyd etdi ki, Məlikli kəndindəki fəaliyyəti dayandırılmış bağça Təhsil Nazirliyinin balansına verilməyib. Adı çəkilən bağça rayon icra hakimiyyətinin tabeliyində olan vaxt fəaliyyətini dayandırıb. Bağça uşaqlarının nə vaxta kimi xəstəxana binasından istifadə edəcəyi sualına cavab olaraq müdir bildirdi ki, uşaq bağçaları təhsil nazirliyinin balansına son zamanlar verildiyindən bu məsələlərə hələ indən sonra baxılacaq.

 

Zahid Abışov, Devran Əsgərov, APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv