Uşaqlar üçün yeni təhlükə: “Tik-Tok” pandemiyası – REPORTAJ

İnternetdən, sosial platformalardan hamımız istifadə edirik. Lakin son zamanlar “Tik-Tok” və bu kimi proqramlarda azyaşlı uşaqların videolarına tez-tez rast gəlirik. Uşaqlar əyləncə məqsədilə 15 saniyəlik dublyaj videoları çəkib paylaşırlar. Bu, məsələnin əyləncəli qismidir. Bir də bu prosesin görünməyən, daha təhlükəli tərəfi var.

 

İnternetin, virtual məkanın həyatımızın mərkəzinə çevrildiyi bir zamanda yaşayırıq. Bu virtuallıq özünü uşaqların həyatında da göstərir. Pandemiyaya görə məktəbə gedə bilməyən uşaqların əksəriyyəti asudə vaxtlarını çoxumuza yad olmayan “Tik-Tok” və buna bənzər proqramlarda keçirirlər.

 

- “Tik-Tok”dan istifadə edirsənmi?

 

- Bəli.

 

- Necə videolar çəkirsən?

 

- Heç kimə atmıram.

 

- “Tik-Tok”dan istifadə edirəm, mahnı oxuyuram, şəkil çəkirəm.

 

- “Tik-Tok”dan istifadə edirsənmi?

 

- Bəli.

 

- Necə vaxt keçirirsən?

 

- Demək olar ki, orda qalıram. 3033 nəfər izləyicim var, bəyənənlər isə 1000-dir.

 

NRYTN-ın Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Ləman Hüseynzadə deyir ki,  əyləncəli video çarxlar çəkərək, belə sosial platformalara yükləyən uşaqları gələn yüzlərlə bəyənmə sayı daha da həvəsləndirir. Virtual dünyanın cəlbedici aurasına qapılan azyaşlılar onları gözləyən təhlükədən bixəbərdirlər. Belə ki, bu platformalardan istifadə edən azyaşlıların yaşayış ünvanı, telefon nömrəsi və elektron ünvan kimi şəxsi məlumatları hər kəsə açıq paylaşılır: “Bütün bunlar uşaqlara və valideynlərə  aid şəxsi məlumatların ələ keçirilməsi, hətta daha da irəli gedərək uşaqların müəyyən hərəkətlər etməyə vadar edilməsi kimi addımlara gətirib çıxarır. Buna görə də valideynlər və müəllimlər çox diqqətli olmalıdırlar”.

 

Qeyd edək ki, 2019-cu ildə "Tik-Tok” internetdə uşaqların zərərli informasiyadan qorunması haqqında ABŞ qanunvericiliyini pozduğuna görə 5,7 milyon dollar məbləğində cərimə olunub.

 

Bəs valideynlər bu təhlükədən xəbərdardırlarmı?

 

- Xeyr, xəbərim yoxdur. Uşağa maraqlı olduğu üçün xoşuna gəlir, qəlbini qırmıram. Rəqs edir, video çəkir, çox da gözəl alınır. O sevinir, mən də ona maneçilik törətmirəm.

 

Həkim-psixiatr İkram Rüstəmovun sözlərinə görə, sosial platformaların aludəçisi olan uşaqlarda özünə qapanma, asosiallıq halları müşahidə olunur. Sərt qadağalar uşağı sosial platformalardan ayırmaq üçün çıxış yolu deyil: “Uşaq niyə buna bu qədər maraq göstərir? Uşaqların  diqqətini çəkmək üçün bu, bir az da məqsədyönlü istiqamətdir. Sanki bu şirkətlər uşaqların diqqətini qəsdən belə proqramlara cəlb etməyə çalışırlar. Biz valideynlər olaraq əslində uşaqların marağı və hobbilərindən məlumatsızıq. Çünki bizim yetişmə dövrümüzdə bu tip məsələlər yox idi. Ona görə də problemə yanaşarkən çox qarışıq yanaşma göstəririk. Asılılığın və vərdişin dəyişdirilməsinin  ən önəmli yolu onu daha məqsədyönlü vərdişə çevirməkdir. Məsələn, bir oğlan uşağı futbolu çox sevir. Dərsini oxusun deyə, biz ona deyirik ki futbola getmə, vaxt itirəcəksən. Uşaq dərs oxumaq yerinə tam əksinə, “Instagram”a, “Tik-Tok”a yönəlir. Nə əldə edirik? Daha betər bir nəticə”.

 

Valideyn günün əksəriyyətini sosial platformalarda keçirirsə, övladına qoyduğu qadağa da ciddiyə alınmaya bilər. Uşaqlarımızı istəmədiyimiz vərdişlərdən qurtarmaq üçün öncə özümüz onlara örnək olmalıyıq. Azyaşlıların vaxtının pandemiya kimi yayılan bu proqramlarda yox olub getməsinə icazə verməyək!

 

Fatma Zahidqızı

Üzeyir Ağayev

Müəllif | Apa.Tv
Apa.tv