Uşaqları məktəbdə öldürən nə imiş? - Ani ölüm belə gəlirmiş - APA TV

Son vaxtlar məktəblilər arasında qəfil ölüm halları ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Bəzi mütəxəssislər düşünürlər ki, şagirdlər arasında qəfil ölüm hallarının çoxalması daha çox dərs yükünün ağırlığından yaranan stress, yuxusuzluq, həmçinin qidalanma ilə bağlıdır. 

 

Bəs bu həqiqətənmi belədir? Sadalanan amillər ani ürəktutmalara səbəb ola bilərmi?

 

Elm və Təhsil Nazirliyi yanında İctimai şuranın üzvü İlqar Orucov düşünür ki, hazırda şagirdlərin dərs yükü kifayət qədər çoxdur. Əksər şagirdlər dərsdən əlavə, repititor yanına, dil, kompüter kurslarına da gedirlər. Bu qədər yüklənmə isə onların səhhətinə təsirsiz ötüşmür: “Biz təhsillə yanaşı sağlam cəmiyyət üçün sağlam nəsl yetişdirməliyik. Təhsilin vəzifələrindən biri də fiziki baxımdan şagirdləri sağlam yetişdirməkdir. Hesab edirəm ki, ilk növbədə valideynlər bu barədə diqqətli olmalıdır. Onlar övladlarını dərs prosesində çox da yükləməli deyillər, onların sağlamlığını düşünməli, fiziki aktivliyini təmin etməlidirlər. Şagirdlər səhər məktəbə gedirlər daha sonra məşğələlərə və nəticədə evə çox gec saatda gəlirlər. Bu zaman isə həm yorulurlar digər tərəfdən isə onlar fiziki aktiv həyatdan təcrid olunurlar”.

 

Pediatr Xəyalə Quluyeva isə deyir ki, məktəblilərin ani ölümünün səbəbləri arasında  qidalanma faktoru yoxdur: “Qidalanma birbaşa, ani ölümə səbəb ola bilməz. Uşaqlarda ani ölümün 3 faktoru var. Onlardan birincisi anadangəlmə ürək qüsurlarıdır. İkincisi kipertratik kordiopetiyalardır. Üçüncüsü isə uzanmış aritmiyalardır. Yəni bunlar əsas səbəblərdir. Bir qədər böyük yaşlı uşaqlarda da alimbrezmalar nəticəsində ola bilər. Bunlardan başqa daha ciddi faktorlardan biri uşağın hər hansı dərman və ya narkotikdən istifadə etməsidir ki, bu da ani ölümə səbəb ola bilər”.

 

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə həkimdən fərqli olaraq, məktəblilər arasında ani ölüm hallarının artmasının daha çox qidalanma və yuxu rejiminin pozulması ilə əlaqəli olduğunu düşünür: “Çünki uşaqlar gecə gec saatlarına qədər oyaq qalırlar bu da azyaşlıların mərkəzi beyin sisteminin inkişafına, qan dövranın inkişafına çox mənfi təsir göstərir. Və təbii ki, bunun üstünə qidalanma rejimini gəlsək, əksəriyyəti səhər yeməyindən imtina edir. Sağlam, faydalı hesab olunan qidalardan imtina edir. Məktəbdə və yaxud məktəb yaxınlığında “abur-cubur” dediyimiz tərkibinin nə olduğu bəlli olmayan və bir çox hallarda həddindən artıq kimyəvi qatqı maddələri istifadə olunmuş qidalardan istifadə edirlər. Belə olan hallarda orqanizmdə çox erkən ölümlərin baş verməsi halları çoxalır”.

 

Məhsəti Hüseynova onu da söylədi ki, bəzən şagirdlər enerji içkilərindən də ifrat istifadə edirlər. İmmun sistemi zəif olduqda isə bu içkilər ani ürək tutmalarına səbəb ola bilir.

 

Psixoloq Vüsalə Əmiraslanova da düşünür ki, dərs yükünün ağırlığı uşaqlarda stress dərəcəsini yüksəldir: “Beləliklə sonradan yenidən toparlanmaq onlar üçün çətin olur. Psixoloji olaraq müəllimlərin uşaqlara müqayisəsi, müəllimlərin uşaqlara verə bilmədiyi empatiya duyğusu və yaxud məktəb psixoloqlarının hər bir uşağı fərdi şəkildə tanımaması, onların xarakterinə bələd olmaması səbəb götürülə bilir. Bəzən ani ölüm hallarında fərqli düşüncələr də var ki, genetik də ola bilər və ya valideynlərin uşaqlara ayıra bilmədiyi zamana bağlı olur ki, valideyn uşağına diqqətlə yanaşa bilmir, zaman gedir və uşaqda müəyyən xəstəliklər baş alıb gedir. Nəticədə uşaqda həm fizioloji həm psixoloji zəifliklər yaranır. Məktəb stresi də bu hallarda özünü göstərir. Tez-tez yoxlamaların yazılması, sonda ümumi qiymətləndirmədə olan həyəcan və s.”.

 

Psixoloq onu da bildirdi ki, il ərzində uşaq dərsi anlamayıbsa, ancaq məsuliyyətlidirsə, bunu özünə dərd edəcək. Bu vəziyyət ağır stress halı ilə nəticələnə də bilər. Ona görə də, həm valideyn, həm məktəb psixoloqu, həm də müəllim hər bir uşaqla daha yaxından maraqlanmalıdırlar. Çünki psixoloji olaraq başlayan istənilən mənfi proses insan oqranizmində fəsad yarada biləcək gücdədir.

 

Fidan Etibarqızı

Kamran Namazov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv