Uşaqların övladlığa götürülməsi ilə bağlı sistem təqdim edilib
"Hazırda ölkədə valideyn himayəsindən məhrum olan 1000-dən çox uşaq var. Amma onlardan yalnız 40-50-si övladlığa verilmək üçün münasibdir".
APA TV –nin xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin təqdimatında çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, övladlığa götürülmə ilə bağlı edilən müraciətlər daha çox böyük şəhərlərin payına düşür
Anar Kərimov əlavə edib ki, son illər ərzində ildə təxminən 700-800 uşaq övladlığa verilib: "Ötən il övladlığa verilmə sistemindəki dəyişiklik və keçid dövrü olduğu üçün övladlığa götürülən uşaqların sayı azalaraq 140-a enib".
Bundan başqa, artıq valideyn-namizəd övladlığagötürmə hüququnun olub-olmamasını əvvəlcədən öyrənə bilər.
"Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin təqdimatını edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin E-xidmətlər və İnnovasiyalar şöbəsinin müdir müavini Emin Novruz qeyd edib ki, övladlığagötürmə üçün tələb olunan sənədlər artıq kağız daşıyıcılar vasitəsilə deyil, dövlət orqanlarının informasiya ehtiyatından əldə olunacaq.
Onun sözlərinə görə, bu, övladlığagötürmə sahəsində idarəetmənin obyektiv və şəffaf, çevik həyata keçirilməsinə şərait yaradır.
Belə ki, qanunvericilikdə nəzərdə tutulan qurumlar valideyn himayəsindən məhrum olmuş uşağı aşkar etdikdən sonra bu barədə məlumatları altsistemə 24 saat ərzində daxil etməlidir. Məlumatlar daxil edildiyi gündən həmin uşaq vahid uçota alınır.
Emin Novruzov deyib ki, valideyn-namizəd şəxsi kabinetindən altsistemin qiymətləndirmə bölməsinə daxil olaraq müvafiq məlumatları daxil etməklə, övladlığagötürmə hüququnun olub-olmamasını əvvəlcədən öyrənə bilər.