ÜST: Koronavirusun yayılması Azərbaycanda ilk mərhələdədir

"Azərbaycanda 11 nəfərin koronavirusa yoluxmasının dərhal deyilməsi yaxşı haldır. Bütün hökumətlər yoluxma halı olduqda 48 saat içində xəbər verməlidirlər".

 

APA TV-nin xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, xəstəliyin yayılmasının 3 mərhələsi var və Azərbaycan ilk mərhələdədir: "Azərbaycan hökuməti xəstəliyə yoluxma halını sərhəddə aşkarlaya bilir. Virusu içəri daxil etməməyə çalışırlar".

 

Hande Harmancı qeyd edib ki, hər yerdə olduğu kimi Azərbaycanda da koronavirusdan ölüm halı ola biləcək. Virus yayılıbsa, ölüm halının olmamasını gözləyə bilmərik.

 

Dünən Azərbaycana gələn ÜST-ün ekspertləri tərəfindən koronavirusun müəyyənləşdirilməsi üçün daha 3000 test gətirildiyini deyən Hande Harmancı daha öncə də 1000 testin gətirildiyini bildirib: "Azərbaycan hökuməti özü də laboratoriyalardan bu testlərdən alır. Bu testlərdən düzgün istifadə etmək lazımdır. Çünki heç bir şey limitsiz deyil. Testlərin də dünyada istehsal məsələsi var. Hazırda diaqnostik testlərlə bağlı dünyada bir problem yoxdur, amma diqqətli istifadə etmək vacibdir. Yaxın zamanda  Azərbaycanda testlərlə bağlı problem yaşanacağını düşünmürəm".

 

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri havalar istiləşəndə virusun yayılmasının azalması məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, yaz aylarında koronavirusun azalacağına ümid edir. Amma hazırda isti ölkələrdə də koronavirus yayıldığı üçün bu sualın cavabı dəqiq bilinmir.

 

 İlahə Vəliyeva Faiq Həsənov APA TV 

Müəllif | Apa.Tv
Apa.tv