Uyuşdurucu vasitə istifadə edib sərnişin daşıdı
Qaxda narkotikin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü və oğurluq edən elektron qolbaq daşıyıcısı saxlanılıb
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mağazadan oğurluq edən şəxs, eləcə də narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.
APA TV-nin xəbərinə görə, taksi fəaliyyəti ilə məşğul olan Balakən rayon sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün bir neçə dəfə məhkumluq həyatı yaşayan Qurban Nabatlı saxlanılıb. Yoxlama zamanı onun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinənin nəticəsinə əsasən Qurban Nabatlının marixuana istifadə etdiyi sübuta yetirilib. Özü ilə bərabər digər hərəkət iştirakçılarının, eləcə də daşıdığı sərnişinlərin sağlamlığını təhlükə altına atan həmin şəxs barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Qurban Nabatlı barəsində qanunamüvafiq tədbir görülüb.
Keçirilən digər əməliyyat nəticəsində isə Qax şəhəri ərazisində yerləşən mağazaların birindən tütün məmulatları oğurlayan Balakən rayon sakini, əvvəllər də məhkum olunmuş Elnur Tağıyev saxlanılıb.
Qeyd edək ki, Elnur Tağıyev bir müddət öncə də narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb və məhkəmənin qərarı ilə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub.
Faktla bağlı araşdırma aparılır.