Uzman doktor: “Klinikalarda olan xəstələrin 95 faizi peyvənd olunmayan xəstələrdir”
Pandemiya bəlasından qurtulmaq, Koronavirus xəstəliyinə qalib gəlmək üçün insanlar könüllü şəkildə vaksinasiyadan keçir. Bakı Sağlamlıq Mərkəzində apardığımız çəkiliş zamanı müşahidə etdik ki, insanlar vaksin olunmağa biganə yanaşmır, əksinə öz sağlamlıqlarını əsas tutub peyvənd olunurlar.
APA TV xəbər verir ki, Mərkəzdə insanlar əvvəlcə qeydiyyatdan keçir, həkimin topladığı anamnezdən sonra vaksin olunmaqları üçün növbəyə yazılırlar.
Həkim-terapevt Aynur Məmmədova bildirir ki, insanlar gün ərzində xəstəxanaya yaxınlaşıb, icbari-tibbi sığorta qeydiyyatından keçdikdən sonra, könüllü şəkildə vaksin olunurlar. Terapevt onu da əlavə edir ki, bəzən narahatlığı olan insanlarla da qarşılaşsaq da, onlar həyəcanı keçdikdən sonra vaksinasiyadan keçiblər: “Ən çox vaksin olunanlar 30-50 yaşa aralığında olanlardır. Məcburi heç bir şey yoxdur. Bəzən ailəvi olaraq gəlirlər ata, ana, övlad. Yaşı çatmayanları da biz burada maarifləndiririk ki, olmaz. Yenə də vaksin vurdururlar”.
Peyvənd olunan və doğmalarını vaksin olunmağa gətirən vətəndaşlar peyvəndləmədən sonra öz təəssüratlarını kameralarımıza bölüşdü:
- Belə qərar verdim ki, peyvənd vurdurmaq məsləhətlidir. Ona görə evdə yaşlı anama da vurdurmuşam, özüm də vurdurmuşam. İndi qızıma da peyvənd vurdurdum ki, xaricdə təhsil almağa gedir”.
- Vaksin olunmayan insanlara demək istəyirəm ki, heç nədən qorxmayın. Şəxsən mən karonavirus keçirtmişəm. Gəlin vaksini vurdurun, gələcəkdə bədbəxt olmayın.
Vaksinasiya prosesi zamanı daxili xəstəliklər uzmanı Zakir Quliyev bildirir ki, hal-hazırda Azərbaycanda 4 vaksin- Pifizer, Sinovax, AstraZeneca, Sputnikdən istifadə olunur, amma ən çox geniş yayılanı Pfizerdi. Uzman sözlərinə əlavə edir ki, klinikalarda olan xəstələrin 95 faizi peyvənd olunmayan xəstələrdir. Həkim onu da qeyd edir ki, allerkik xəstəlikləri olanlar belə xəstəliyin kəskinləşməyən dövründə vaksin oluna bilər: “Hər bir vaksinin özünün əks göstərişi ola bilər. Amma ümumi olaraq xəstə xroniki xəstəliyin kəskinləşmə dövründədirsə məsələn astma xəstəsidirsə vaksinin vurulma tərəfdarı deyilik. Yox əgər xəstənin şəkər diabeti, təzyiqi, və yaxud başqa mənşəlli ürək xəstəliyi olarsa və xəstəlik aktiv olmazsa yəni nizamalıdırsa, onda vaksinə heç bir əks göstəriş yoxdur”.
Zakir Quliyev vaksindən sonra temperaturun qalxması, ümumi halsızlıq barədə də danışdı. O bildirdi ki, Çində tədqiqatlar aparılıb və məlum olub ki, temperaturu olan şəxslərin immuniteti yüksəlib: “Vaksindən sonra qızdırmanın olması təbii haldır. İynə yeri ağrıya bilər. Halsızlıq, yorğunluq bədənin verdiyi reaksiyadır, bunlar ola bilər. Bu şikayətlər varsa xəstə bir az daha səbr eləməli, əgər temperaturu düşməzsə həkimə müraciət etməlidir”.
Həkimin sözlərinə görə, CoronoVac cansız- tərkibi zəiflədilmiş, Pfizer isə canlı peyvənddir. O bildirdi ki, dünyada aparılmış araşdırmalara görə, 2 CoronaVac peyvəndindən sonra 1 doza Pfizerin vurulması xəstəliyə yenidən yoluxma ehtimalını 1 faizə endirir.
Nuranə Namazova
Əli Ələkbərov
APA TV